Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” sərəncam imzalayıb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, araşdırma mərkəzlərinin nümayəndələri iştirak edib.
R.Mehdiyev deyib ki, beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ən ciddi meyarlar (adambaşına düşən ümumi daxili məhsulun məbləği və İnsan İnkişafı İndeksi) baxımından ölkəmiz artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasındadır. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl surətdə həyata keçirilməsinin nəticəsində mümkün olub. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli surətdə icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.