'Azərbaycan ABŞ-ın ən yaxşı müttəfiqlərindən biridir və bu münasibətlərdə birgə maraqları var'

SİYASƏT
17:40 05.09.2013
1288
Sürətlə dəyişən dünyada tək sadə insanları, ictimai qüvvələri deyil, siyasi elmlərlə məşğul olan adamları da ən çox düşündürən sülh və hərb məsələləridir. Buna səbəb həm qaynar nöqtələrin olması, həm də mübahisəli məqamların yeni risk və təhdid doğura biləcək transformasiyalardır.
Bu kontekstdə Amerikanın məşhur “Stratfor” analitik mərkəzi daim gərginlik doğuran tendensiyaları nəzərdə saxlayıb proqnozlar verir. Özünün dəqiq təxminləri ilə seçilən mərkəzin rəhbəri Corc Fridman həm də Cənubi Qafqazda olan münaqişələrin tez həllini etibarlı nizam qurulması prosesində son dərəcə vacib sayır. Son günlər Bakıya səfər etmiş dünyaşöhrətli siyasətşünas “New Baku Post”a eksklüziv müsahibəsində bəzi aktual problemlərə münasibət bildirib. AZXEBER.COM həmin müsahibəni təqdim edir: 
– Cənab Fridman, Dağlıq Qarabağ münaqişəsindən danışsaq, problemin çözülməsi yollarını necə görürsünüz və Azərbaycan bundan sonra hansı addımlar atmalıdır?
– Bütün digər münaqişələr kimi, Dağlıq Qarabağ konflikti də asan həll olunan məsələ deyil. Hərbi gücdən istifadə bölgədəki gərginliyi daha da artıra bilər. Buna qətiyyən yol vermək olmaz. Bu nöqteyi-nəzərdən Ermənistan anlamalıdır ki, Azərbaycanla yaxşı əlaqələr qurub və əməkdaşlıq etmək rəsmi İrəvana daha çox fayda verə bilər, nəinki onun Dağlıq Qarabağ iddiaları.
Hesab edirəm ki, məsələnin tezliklə həlli üçün hər iki ölkə əlaqələri yenidən nəzərdən keçirib bərpasını təmin etməlidir. Bu işdə daha çox Rusiya öz dəstəyini əsirgəməməlidir. Çünki Ermənistanda onun nüfuz dairəsi çox genişdir. Ümid edirəm ki, bütün bunlar həyata keçirilərsə, nəticə müsbət olacaq.
– Azərbaycanın Cənubi Qafqaz regionunda reallaşdırdığı layihələri necə qiymətləndirirsiz?
– İlk növbədə, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin vacibliyini və əhəmiyyətini qeyd etmək istərdim. Bu nəhəng layihə ölkənin bölgədəki mövqeyini ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanın həyata keçirdiyi bütün layihələr diqqəti cəlb edir və onlar ölkəyə böyük siyasi və iqtisadi dividentlər gətirir. Əgər 20 il bundan öncə Azərbaycan sərmayə axtarışında idisə, artıq bu gün Bakı özü bir sıra dünya ölkələrinin iqtisadiyyatına investisiyalar yatırır.
Bu istiqamətdə Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə və bir sıra digər ölkələrdə böyük işlər görülüb və bu səylər artıq öz bəhrəsini verməyə başlayıb. Azərbaycan həmçinin sənayenin inkişafına da xüsusi diqqət yetirir və müasir texnologiyaları uğurla tətbiq edir. Bir sözlə, Azərbaycan bölgədə və dünyada öz nüfuzunu artırmaqla bərabər, belə bir mürəkkəb və təhlükəli məkanda özünü çox yaxşı müdafiə edir, mükəmməl və məqsədyönlü siyasət yürüdür.
– Avropanın enerji təhlükəsizliyi məsələsində Bakının rolu bəllidir. Bu məsələdə şaxələnmə baş verə bilər?
– Azərbaycan dünyada mühüm bir ölkəyə çevrilib, xüsusən də enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Bu səbəbdən, Azərbaycan daima Qərbin diqqət mərkəzindədir.
Ölkəniz Qərb üçün alternativ enerji mənbəyidir, fəqət problem ondadır ki, bu gün Avropa birlik kimi mövqeyini qoruyub saxlaya bilmir. İndi Avropanın enerji təhlükəsizliyi məsələsində vahid bir siyasət də mövcud deyil. Kim fikirləşir ki, əvvəlki Avropa geri qayıdacaq, bu xəyaldan başqa bir şey deyil.
Avropa qalacaq, ancaq müxtəlif millətlərin yaşadığı qitəyə çevriləcək. Bu mənada, Azərbaycanın vahid Avropaya daxil olması da mümkün deyil, çünki Avropanın özündə artıq birlik və vahidlik qalmayıb. Bu isə, daha çox Rusiyanın xeyrinədir. Hər bir ölkənin istənilən məsələyə fərdi yanaşması var. Buna rəğmən, Azərbaycan bütün Avropa ölkələri ilə bərabərhüquqlu münasibətləri inkişaf etdirir və xüsusilə də enerji təhlükəsizliyi kimi həssas məsələdə də öz dəstəyini əsirgəmir.
– ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti nə dərəcədə qənaətbəxş sayıla bilər?
– Bu gün Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafını aydın sezmək mümkündür. Azərbaycan ABŞ-ın ən yaxşı müttəfiqlərindən biridir və bu münasibətlərdə birgə maraqları var.
Bir sıra məsələlərdə çətinliklər olsa da, hər il maraqların daha da yaxınlaşdığının şahidi oluruq. Artıq bu iki ölkə arasında münasibətlər dönüş nöqtəsinə çatıb. ABŞ-ın bu bölgədə öz maraqları var və onun mövcudluğunu yaxın gələcəkdə görəcəyik. Bu baxımdan, Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişafı zəruridir. Bunun üçün hər iki ölkənin imkanları və dostları var.
– Siz Bakıda keçirilən “Dəyişən dünyada Cənubi Qafqaz” adlı Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının 2-ci Forumunda məruzə ilə çıxış etdiniz. Bir politoloq kimi, dəyişən dünyada Azərbaycanın perspektivlərini necə qiymətləndirirsiniz?
– Dünya anbaan dəyişir, lakin Azərbaycanın maraqları dəyişmir. Bu milli maraqlar regionda və dünyada stabil inkişaf etmək, həmçinin digər dövlətlərdən asılı olmamaq kimi prinsipləri özündə birləşdirir.
Məhz Heydər Əliyev çoxlarından fərqli olaraq, dünyanın dəyişdiyini görərək ölkənin siyasətini ona uyğun qururdu.
Azərbaycan eyni zamanda çox əlverişli bölgədə yerləşir və özünəməxsus müstəqil siyasət yürüdür. Nəticə göz qabağındadır. Rusiya və İran arasında yerləşən Xəzər bölgəsinə Qərbin marağı daha böyükdür və bu üzdən Bakı ilə səmərəli əməkdaşlıq edir. Enerji resurslarını mükəmməl şəkildə şaxələndirməyi bacaran Azərbaycanın iqtisadi gücü xeyli artıb. Nəticə etibarilə, Azərbaycan regionun və Xəzər hövzəsinin lider ölkəsinə çevrilib.

OXŞAR XƏBƏRLƏR