XİN-dən AZXEBER.COM-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasi dialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.
Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.











































