Azərbaycan ATƏT DTİHB-nun seçkilərin müşahidəsinə dair metodologiyasının nəzərdən keçirilməsini təklif edib

SİYASƏT
18:50 08.11.2013
1041

Noyabrın 7-8-də İndoneziyada keçirilən Demokratiya Forumu çərçivəsində “Azad və demokratik seçkilərin keçirilməsi” və “Demokratik təsisatların qurulması və möhkəmləndirilməsi” adlı müzakirələr təşkil olunub.

AZXEBER.COM XİN-in rəsmi saytına istinadən xəbər verir ki, bu müzakirələrdə əsas məruzəçilər qismində xarici işlər naziri Elmar Məmmədyarov, Avstraliyanın xarici işlər naziri Juli Bişop, Liberiyanın xarici işlər naziri Auqustin Kepehe Nqafuan və Filippin prezidentinin sözçüsü və hökumət ofisinin üzvü Edvin Lasierda çıxış edib.

Nazir E. Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında danışaraq, seçkilərin əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimləndiyini qeyd edib. O, seçkilər haqqında qanunvericiliyin təkmilləşdirilməsində Avropa Şurası və ATƏT ilə yaxından əməkdaşlıq edildiyini və bu təsisatların təklif etdiyi bir sıra qabaqcıl təcrübənin qanunvericiliyə daxil olduğunu bildirib.

E.Məmmədyarov 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində 5492 seçki məntəqəsinin fəaliyyət göstərdiyi və bu məntəqələrin 37-nin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində təşkil olunduğu, avtomatlaşdırılmış dövlət informasiya sistemi vasitəsilə məntəqələrlə Mərkəzi Seçki Komitəsi arasında bağlantının qurulduğu və məntəqələrin əksəriyyətində veb-kameraların quraşdırıldığı barəsində məlumat verib.

Seçkilərin 52.000 yerli və 100 ölkəni, eləcə də Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra başqa beynəlxalq təşkilatları təmsil edən 1300 əcnəbi müşahidəçi tərəfindən izləndiyini deyən Nazir Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçməsinin beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırıb.

Nazir Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyasının birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf olduğunun və seçki prosedurlarının seçki ərəfəsində və seçki günündə peşəkar və dinc şəraitdə həyata keçirildiyinin qeyd edildiyini vurğulayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə toxunan E.Məmmədyarov deyib ki, bu təsisat mandatına uyğun olaraq, seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT üzv dövlətlərinə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir.

Nazir təəssüfləndiyini bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin müşahidəsinə dair son qiymətləndirmələri qərəzli tənqid kimi istifadə edilir.

E.Məmmədyarov Azərbaycanın ATƏT-in DTİHB-nun seçkilərin müşahidə prosesindəki rolunun və seçki prosesinin qiymətləndirilməsinə dair istifadə etdiyi metodologiyasının nəzərdən keçirilməsi təklifi ilə çıxış etdiyini diqqətə çatdırıb.

Aparılan müzakirələr çərçivəsində E. Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

OXŞAR XƏBƏRLƏR