Azərbaycan bayrağına 'Eurovision-2012' sözünü kim yazıb?
Bütün Xəbərlər
19:38 24.05.2012
2854
Azərbaycanın dövlət bayrağına müdaxilə edilib. Belə ki, “Eurovision-2012" mahnı yarışması üçün xüsusi hazırlanmış Azərbaycanın dövlət bayrağının üzərində mavi zolağında ”Eurovision" sözü, yaşılda isə “2012" rəqəmləri qeyd edilib. İndi bu bayraqlara şəhərin istənilən mağazasında rast gəlmək mümkündür. Elə avtomobillərin üstündə də belə bayraqlarla qarşılaşmaq olar. Özəlliklə şəhərin mərkəzində hərəkət edən maşınlarda daha çox ”Eurovision" bayraqları görmək olar. Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət bayrağının üzərində ay və ulduzdan başqa emblemlərin həkk olunması və onun formasında dəyişiklik edilməsi qadağandır. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Onun təsviri və forması ölçülərindən asılı olmayaraq müəyyən olunmuş təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir. Deputat Çingiz Qənizadə modern.az-a açıqlamasında deyib ki, bu cür hallar yolverilməzdir. Onun sözlərinə görə, belə hallarla rastlaşan hər bir Azərbaycan vətəndaşının etiraz etmək hüququ var: “Hər bir vətəndaş və rəsmi şəxs buna qarşı öz etirazını bildirməlidir. Çünki dövlət bayrağı müqəddəsdir və onun üzərində ay-ulduzdan başqa hər hansı bir yazının, əlavənin olması dövlət rəmzlərimizə hörmətsizlik kimi xarakterizə oluna bilər. Bu baxımdan istər ”Eurovision", istərsə də idman yarışı olsun, bizim dövlət bayrağımızın üzərində hər hansı bir sözün yazılması yolverilməzdir".Dünən şəhərdə də eyni mənzərənin şahidi olduq. Demək olar ki, hər yerdə üzərinə “Eurovision-2012" qeyd edilmiş üçrəngli bayrağımızı gördük. Söhbətləşdiyimiz sürücülər izah etdilər ki, bunun səbəbi hökumətdən qaynaqlanır. Onların sözlərinə görə, mağazalarda və maşınlarda bu bayraqların asılması məcburi surətdə həyata keçirilir. Yarışma ilə bağlı göstəriş verilib ki, mərkəzi küçələrdə yerləşən mağazaların vitrinində bu bayraqlar qoyulsun. Taksi sürücülərinə və fərdi maşın sahiblərinə də deyilib ki, sözügedən formada olan bayraqlardan istifadə etsinlər.Qanunla qadağan olunmasına baxmayaraq üçrəngli bayrağımıza müdaxiləyə rəsmi səviyyədə heç bir münasibət bildirilmir. Sürücü Fikrət bəy hesab edir ki, burda pis heç nə görmür: “Nolsun ki, bayramdır. Dövlətimizin tədbiridir. Hər xırda şeyə bir mız qoysaq, onda gərək əl-qolumuzu sallayıb oturaq. Bizə Nəqliyyat Departamentindən xəbərdarlıq olunub ki, bu bayraqları asaq. Bayrağı da özləri veriblər. Onları öz pulumuzla almamışıq”.Sürücüyə bayrağa müdaxilənin qadağan olunduğunu desək də bizimlə razılaşmadı: “Əşi, boş ver. Bayrağın rəngini, imicini yaxud Azərbaycanın dövlət atributu olub-olmadığını şübhə altına qoyan bir müdaxilə görmürəm. Sadəcə, üçrəngli bayrağımızın üzərinə ”Eurovision" sözü əlavə olunub".Mağaza sahiblərindən biri Rüfət bəy isə deyir ki, onlar bu bayraqları satışa çıxarıb: “Xeyli dərəcədə alan da var. Bu bayraqları Çindən və Türkiyədən gətiriblər. Bizdə ümumiyyətlə, bayraq istehsal olunmur. Hətta Azərbaycan bayrağı da Türkiyə və Çində hazırlanır. Mən bayrağın bu formaya salınmasına etiraz edən görməmişəm. Ola bilsin ki, qanunla qadağandı. Ancaq bayraq deformasiya olunmayıb ha”.