Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış olublar. Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında məlumat verib.
Bildirilib ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
Son illərə nəzər salsaq, görərik ki, Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva ölkədəki digər sahələr kimi təhsil sahəsinin də inkişafı xüsusi diqqət ayırır. Ölkədə xeyli sayda yeni məktəb binalarının inşası, təhsil müəssələrinin ən müasir avadanlıqlarla təchiz olunması cəmiyyətin bu sahədə inkişafında birbaşa rol oynayır. Pandemiya dövründə ölkəmizdə qabaqcıl tədbirlərin görülməsi, distant təhsilin təşkili ilə tədrisin dayanmasının qarşısının alınması, ən müasir avadanlıqlarla onlayn sistemdə təhsilin davam etdirilməsi bu sahəyə dəyə biləcək ziyanların qarşısını almış oldu.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da təhsilə xüsusi həssaslıqla yanaşması hər zaman nəzərə çarpır. İrimiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək əsas məqsədlərdən biri olub.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib.
Bu cür müasir məktəblərin tikilib istifadəyə verilməsi şagirlərin təhsil almalarını xeyli rahatlaşdırıb.
Təhsil millətin gələcəyidir, deyən Ulu Öndər Heydər Əliyev təhsilə hər zaman xüsusi önəm verirdi. Bu gün də millətin gələcəyini düşünün Prezident İlham Əliyev bu sahədə inkişaf üçün lazım olan addımları atır.
Prezidenti İlham Əliyevin 2020-ci il iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar onu videoformatda qəbul edərkən bir daha qeyd etdi ki, bu sahədə islahatlar dərinləşməlidir:
"Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz”.
Prezidentin bu sahədə diqqəti sayəsində təkcə paytaxtda deyil, ucqar dağ kəndlərində belə təhsilin inkişafına səbəb olur.
Kəndlərdə modul tipli məktəblərin tikintisi barədə danışan Prezident qeyd etdi ki, kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar:
"Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında təhsi sahəsində son illər görülən işlər barədə fikirlərini bildirib.
Deputat qeyd edib ki, təhsilə dövlət səviyyəsində xüsusi diqqət və qayğı var:
"Son illər Azərbaycanda dövlət səviyyəsində təhsilə diqqət və qayğı daha da artırılıb. Baxmayaraq ki, pandemiyanın təhsil sahəsinə də az da olsa, təsiri oldu. Amma dövlət maksimum dərəcədə çalışdı ki, bu zərərləri azaltsın və minimallaşdırsın. Deyə bilərik ki, bu prosesdən Azərbaycan ən az zərərlə çıxan ölkələrdən biri oldu.
Bu gün Azərbaycan büdcəsindən ən çox maliyə ayrılan sahələrdən biri də təhsil sahəsidir. Söhbət 3 milyarda yaxın vəsaitin büdcədən təhsilə ayrılmasından gedir. Bu gün təhsilə dövlət müstəvisində çox böyük dəstək var və bu özünü açıq göstərir. Son illər peşə təhsilinə qayğı artırılıb. Bakıda, Bərdədə, Cəlilabadda və digər bölgələrdə müasir peşə təhsili məktəbləri yaradılıb və yaradılır. Eləcə də universitetlərin təmirinə, onların maddi texniki bazasının gücləndirilməsinə, yeni universitetlərin yaradılmasına korpusların istifadəyə verilməsinə nail olundu. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin elə pandemiya dövründə yeni korpusu istifadəyə verildi. Həmçinin ADA universitetində bu, baş tutdu. Bu yaxınlarda Azərbaycan-İtaliya birgə universitetinin yaradılması barədə qərar qəbul olundu. Bütün bunlar dövlətimizin bu sahəyə diqqət və qayğısını açıq-aydın göstərir. Bu, eyni zamanda onu da göstərir ki, dövlət təhsilin inkişafı üçün bütün addımları atır”.
Deputat həmçinin qeyd edib ki, təhsilə göstərilən diqqət növbəti illərdə də davam edəcək:
"Müxtəlif kateqoriyadan olan şəxslərin təhsil xərclərinin ödənilməsinə xüsusi diqqət var. Təhsil Tələbə Krediti Fondu yaradıldı ki, bu da təhsil alanlara kreditin verilməsi istiqamətində çox mühüm və uğurlu addımlar atılmasına səbəb oldu. Biz bir sözlə deyə bilərik ki, bu gün Azərbaycanda dövlət təhsilə yüksək diqqət və qayğı göstərir, bu, gələcəkdə də davam edəcək. Azərbaycan təhsili sürətlə inkişaf edir və biz növbəti illərdə bunun böyük nəticələrini bir daha görə biləcəyik”.
Azərbaycan təhsilinə dövlət dəstəyinin və diqqətinin bu cür yüksək olması cəmiyyətinin gələcəyinin qarantıdır. Təhsilə göstərilən diqqət və qayğı hər zaman ölkəmizi yüksəklərə irəliləmək üçün vasitələrdən biri olacaq.
Aydın Nuri