Azərbaycan Ədliyyəsinin 100 illiyinə tarixi baxış

GƏNCLİK
14:18 22.11.2018
7816
Sumqayıt regional ədliyyə idarəsinin məsləhətçisi,

II dərəcəli ədliyyə qulluqçusu Elvin Adgözəlov

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilmiş və Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün – 1918-ci ilin may ayının 28-də təsis edilmişdir. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Bundan sonra nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında", ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

1920-ci il aprel ayının 28-də Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunmuş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilmiş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

Həmin dövrlərdə ifrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik hökm sürüldüyündən bu orqanın dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törətmişdir.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar qəbul olunmuşdur. Bu istiqamətdə əməli işlərin görülməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının məntiqi davamı olaraq onların hazırda keyfiyyətcə yeni mərhələsinin başlanması deməkdir.

2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyinstrukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.

Məhkəmə-hüquq islahatlarını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti 2009-cu il fevral ayının 6-da "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir. Müstəsna əhəmiyyətə malik olan bu vacib sənəd dövlətimizin siyasi iradəsinin növbəti təzahürü olmaqla, ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edir. Bu proqram məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsinə, ədliyyə orqanlarının və

məhkəmələrin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş kompleks və çoxşaxəli tədbirləri nəzərdə tutur. Dövlət proqramı ədliyyə işçiləri, hüquq ictimaiyyəti tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Artıq bir neçə ildir ki, ədliyyə işçiləri ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu illər ərzində ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tədbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.

Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının yaxşı ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusilə kadrların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək bütün ədliyyə işçilərinin vəzifəsidir. Ədliyyə ədalət sözündəndir.Ona görə də istər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır.

Son illər ərzində hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək onların qarşısında yeni vəzifələr qoymuş və məsuliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirmişdir. Bütün bunlar ədliyyə sisteminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26.01.2018-ci il tarixli Kollegiya Qərarı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş və həmin qərar üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.

Sonda Azərbaycan Ədliyyəsinin 100 illiyi və qarşıdan gələn 22 noyabr peşə bayramı münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edir, bu şərəfli işinizdə Sizə uğurlar arzulayıram.

OXŞAR XƏBƏRLƏR