Bir neçə gün davam edən, qış üçün nisbətən mülayim havadan sonra yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir.
Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.
U. Tağıyeva deyib ki, yanvarın 9-u və 10-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Yanvarın 9-u axşam saatlarında və 10-da havanın gün ərzində fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Bu proses şimal küləyinin güclənməsi ilə müşahidə olunacaq.
Yanvarın 9-10-da küləyin maksimal sürəti saniyədə 15-20, arabir 25 metrə çatacaq. Havanın temperaturu yanvarın 9-da gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcə isti müşahidə olunacaq. Yanvarın 10-da gecə və gündüz saatlarında temperatur rejimi eyni olacaq. Həmin gün 1 dərəcə istidən 2 dərəcəyədək şaxta müşahidə olunacaq.
Azərbaycanın rayonlarında isə havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağıntıların bəzi rayonlarda intensivləşəcəyi də proqnozlaşdırılır. Bu proses yanvarın 8-i axşam şimal və qərb rayonlarından başlayacaq və yanvarın 11-i səhərədək davam edəcək.
Temperaturunun kəskin aşağı enməsi, havanın şaxtalı olması ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.//APA












































