Amil Cavadov:“Antimilli qrupların əsas məqsədi ölkəmizdəki sabitliyi pozmaq, müxtəlif təxribatlar törətməklə xaos yaratmaqdan ibarətdir”
AZXEBER.COM portalı YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin, eyni zamanda “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədriAmil Cavadovun “Palitra” qəzetinə verdiyi müsahibəni təqdim edir. - Dövlətin apardığı gənclər siyasətinə münasibətiniz necədir?
- Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır və əsası ulu öndərimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün gənclərimizin hamisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və yeni formada davam etdirilir. Bu isə onu deməyə əsas verir ki, ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədir və ölkə rəhbərinin qayğısı ilə tam əhatə olunub. Bu uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafına təkan verməklə onların ölkəmizin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəallığını daha da artırır.
-Gənclərimiz öz potensialından tam istifadə edə bilirmi?
- Azərbaycan gəncləri hər zaman aktiv və böyük potensiala malik olan gənclərdir. Çox sevindiricidir ki, gənclərimizin malik olduğu potensialın üzə çıxarılması, onların intellektual və yaradıcı qabiliyyətlərinin önə çəkilməsi, müasir cəmiyyətimizdə fəallıqlarının artırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir. Biz ulu öndərimiz tərəfindən 1999-cu ildə imzalanmış dövlət gənclər siyasəti haqqında fərmana nəzər yetirsək, eyni zamanda cənab Prezidentimiz tərəfindən qəbul edilmiş 2005-2009 və 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarına baxsaq, gənclərimizin malik olduqları potensialın üzə çıxarılmasının həmin proqramlarda xüsusi olaraq qeyd olunduğunu görə bilərik. Dövlətimiz gənclərin fəal vətəndaş və peşəkar kadr kimi yetişməsində maraqlıdır və bu istiqamətdə sistemli işlər aparılır. Hədəf isə neft kapitalının insan kapitalına çevrilməsi, bu təbii sərvətdən əldə olunan gəlirin ölkənin davamlı inkişafını təmin edəcək layihələr və işlərə yönəldilməsidir.
- Gənclər ictimai-siyasi aktivlik göstərirlərmi?
- Bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizin də ictimai-siyasi həyatında mühüm demoqrafik sinif olan gənclər hazırda onlara göstərilən qayğı və diqqətdən kənar qalmır, bundan mümkün qədər istifadə edərək, şansları dəyərləndirə bilirlər. Bu, əlbəttə, bizdə sevinc doğurur. Çünki biz də bu prosesin içindəyik və aktorlardan biriyik. Başqa sözlə desək, Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində yaxından iştirak edirlər.
- Bir qrup gənc müxtəlif antimilli qüvvələrin təsiri altına düşüb...
- O gənclər də Azərbaycan gəncliyinin bir parçasıdır, Azərbaycan gəncliyinin ayrılmaz bir hissəsidir. Ancaq çox təəssüflər olsun, həmin gənclərin düşdüyü mühit, onlara təsir edənlər gənclərimizi yaxşı istiqamətə deyil, onlardan siyasi alət kimi istifadə edərək ölkəmizdə qarşıdurma yaratmağa yönəldirlər. Son hadisələr də bir daha onu göstərdi ki, antimilli qrupların əsas məqsədi ölkəmizdəki sabitliyi pozmaq, müxtəlif təxribatlar törətməklə xaos yaratmaqdan ibarətdir. Mən həmin gəncləri Azərbaycan dövlətçiliyinin inkişafına, torpaqlarımızın azadlığına və bütövlüyünə, dövlətimizin dünyada təbliğ olunmasına, habelə bəzi üzdəniraq daxili və xarici siyasi qurumların, təşkilatların qurbanına çevrilməməyə çağırıram, onları ayıq-sayıq olmağa səsləyirəm! Bu danılmaz faktdır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf edib, regionun lider dövləti olmaqla əsas söz sahibinə çevrilib. Təbii ki, bu inkişaf, bu uğur dostlarımızın sevincinə, bizi istəməyən qüvvələrin qısqanqclığına səbəb olur. Ona görə də onlar bu cür yollarla ölkəmizdə çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ancaq onlar bir şeyi unudurlar ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti dövlətinə sadiqdir və həmin antimilli qüvvələrə qarşı birləşərək birmənalı olaraq ölkə Prezidenti İlham Əliyevi dəstəkləyirlər. Bizim birliyimiz güclü dövlət və uğurlu sabahımız deməkdir.
-Dövlətin gənclərə diqqət və qayğısından razısınızmı?
- Respublikamız hələ çox cavandır və 21 illik müstəqilliyi dövründə gənclərə olan xüsusi önəm, diqqət və qayğı bu gün öz bəhrəsini verirsə, deməli, bir gənc kimi, mən də bununla fəxr edirəm və təbii ki, bu prosesdən razıyam. Cənab Prezidentimizin mütəmadi olaraq paytaxtda, həmçinin də bölgələrdə gənclərlə görüşməsi, onları maraqlandıran və narahat edən məsələləri və təklifləri dinləməsi, fikir mübadiləsi aparması gənclərə göstərilən etimad və onlara verilən dəyərin ən yüksək səviyyədə təzahürüdür. Bölgələrimizdə ən müasir şəraitə malik gənclər mərkəzləri, olimpiya idman kompleksləri tikilib və tikilməkdədir. Gənclər təşkilatları və gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi üçün Gənclər Fondu yaradılıb. Fond Azərbaycanda gənclərin və gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində böyük uğurlara imza atıb. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən tanınmış ali məktəblərindən gəlir. Gənclərimiz dövlət hesabına pulsuz təhsil alır, idman sahəsində, mədəniyyət sahəsində yetərincə uğurlar qazanırlar. Ötən il ölkəmizdə “Eurovision” musiqi yarışmasının keçirilməsi, Olimpiya oyunlarında gənclərimizin nailiyyətləri, həm regionda, həm də beynəlxalq arenada Azərbaycanın gənc simalarının haqq səslərinin eşidilməsi yuxarıda sadalananların bariz nümunəsidir.
- Bu gün gənclərin Prezidentin ətrafında toplaşması ilə bağlı fikirlərinizi bilmək istərdik.
- İlham Əliyevin böyük nüfuzu, dövlət başçısı kimi həyata keçirdiyi siyasət birmənalı olaraq Azərbaycan gənclərinin böyük əksəriyyəti tərəfindən qətiyyətlə dəstəklənir. Bu il ölkəmiz üçün çox əlamətdar bir ildir, çünki qarşıda bizi ən mühüm siyasi hadisə olan prezident seçkiləri gözləyir. Ölkəmizin son on ildə bütün sahələrdə qazandığı inkişaf bizə onu demeyə əsas verir ki, bu seçkidə də gənclərin lideri, Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi İlham Əliyev birmənalı olaraq qələbə qazanacaq və Azərbaycanımızın əldə etdiyi inkişaf, qazandığı uğurlar növbəti illərdə də cənab Prezidentimizin rəhbərliyi altında davam etdiriləcək. Biz Azərbaycanın inkişafını Heydər Əliyev siyasətində və bu siyasətin layiqli davamçısı İlham Əliyevin hakimiyyətdə olmasında görürük.
-Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Əldə olunmuş uğurlara baxmayaraq, buna arxayınlaşmaq və fəaliyyətsiz qalmaq olmaz. Nəzərə alsaq ki, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi sülh bağlansa belə, öz həllini tapmayıb, rəsmi İrəvan qeyri-konsstruktiv mövqeyi davam etdirir və erməni lobbisi erməni uydurmalarını dünyaya sırımağa davam edir, o zaman biz də haqlı mövqeyimizi müdafiə etməli, bu istiqamətdə qarşıya qoyulan hədəfləri dəf etməliyik. Bundan əlavə, cəmiyyətdə zərərli fikirlər daşıyan və ölkədə həyata keçirilən islahatlara, abadlıq və yenidənqurma işlərinə kölgə salmağa çalışanların niyyətlərini elə yerindəcə boğmaq üçün bir olmalıyıq və müasir Azərbaycanımıza sahib çıxıb, gələcəyə zəfərlər daşımalıyıq.
-Sizin rəhbəri olduğunuz təşkilat bu istiqamətdə hansı işlər görür?
- “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi 2012-ci ilin dekabr ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş və Ağdam rayonunda gənclərlə bağlı fəaliyyət göstərən yeganə qeyri- hökumət təşkilatıdır. Birliyin əsas məqsədi regionda gənclərin hərtərəfli inkişafına yardım etmək, onların bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltməkdən ibarətdir. Ümid edirəm ki, təşkilatımız öz fəaliyyəti ilə gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verəcək, gənclər arasında milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ edəcək, eyni zamanda bölgə gənclərinin müasir dövrün tələblərinə uyğun olaraq informasiya texnologiyalarından istifadə imkanlarının genişlənməsinə təkan verəcək.