Azərbaycan hakimiyyəti gənclərin mitinqinə icazə verdi
Bütün Xəbərlər
17:42 15.03.2012
1424
Gənclər mitinq üçün müraciət etdikləri Bakı meriyasından müsbət cavab alıblar. Bakı Şəhər İcra Hakimiyyəti gənclərə martın 17-də vicdan məhbuslarına keçiriləcək dəstək aksiyası üçün paytaxtın "20-ci sahə" deyilən ərazisini ayırıb. Bu barədə musavat.com-a Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib. GHMK-nin İdarə Heyətinin üzvü Samir Əsədli isə qeyd edib ki, təmsil olunduğu qurumun paytaxt meriyasının mitinq üçün ayırdığı yerlə bağlı hər hansı narazılığı yoxdur və kütləvi aksiyanın həmin ünvanda keçirilməsi üçün artıq hazırlıqlara başlanılıb.Qeyd edək ki, mitinqin saat 15.00-dan 17.00-dək keçirilməsi planlaşdırılır.GHMK-ya Vətəndaş Hərəkatı, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək.