Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?

Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
MEDIA
15:30 29.09.2026
105
Xəbər verdiyimiz kimi, Azərbaycanın investisiya imkanlarının beynəlxalq miqyasda tanıdılması və ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Müxtəlif ölkələrdən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının nümayəndələrini və biznes liderlərini bir araya gətirən forumda Azərbaycanın iqtisadi potensialı, yeni investisiya imkanları və beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunub. Tədbirin əsas nəticələrindən biri isə beynəlxalq investor və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması olub. Sənədlər enerji və bərpa olunan enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və digər istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan dünyanın qlobal, aparıcı şirkətləri ilə əməkdaşlıqda maraqlıdır:

"Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi, cənab Prezident  İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinin əsas istiqamətlərindəndir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və tədbirdə Azərbaycan Prezidentinin iştirakı bir daha təsdiq edir ki, Azərbaycan dünyanın qlobal, aparıcı şirkətləri ilə əməkdaşlıqda maraqlıdır və daha çox sərmayənin cəlb edilməsi istiqamətində praktiki olaraq həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici iş adamları üçün yeni təşviq mexanizmlərinin tətbiqini reallaşdırır. Forumda kifayət qədər aparıcı şirkətlərin iştirakını nəzərə alsaq və eyni zamanda, 30 triliyon dollarlıq investisiya potensialı olan şirkətlərin Azərbaycana gəlməsi ondan xəbər verir ki, ölkəmiz xarici sahibkarlar üçün cəlbedicidir. Bu isə qeyri-neft-qaz sektoruna həmin şirkətlər vasitəsilə daha çox investisiyanın cəlb edilməsinə gətirib çıxaracaq. Eyni zamanda, nəzərə alsaq ki, birinci forumda da imzalanan sazişlər qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə imkan yaradıb”.


O qeyd edib ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 17 faiz artıb:

"2025-ci ildə Azərbaycanda sərmayə qoyuluşlarında artım var. Bu, birbaşa xarici investisiya  həcminin artması ilə bağlı olub. Belə ki, 2025-ci ildə olan birinci investisiya forumunun təsirləri bu rəqəmlərə birbaşa təsiri göstərdi. Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya yönəldilmişdir. Onun 16,7 milyard manatı xarici investisiyalardır. 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 17 faiz artıb”.

"BlackRock və digər kifayət qədər böyük, qlobal şirkətlərin, xüsusən də rəqəmsal və süni intellekt həlləri ilə məşğul olan şirkətlərin forumda iştirakı və Azərbaycana gəlməsi ölkəmizdə rəqəmsal inkişafla bağlı müəyyənləşdirilmiş hədəflərin reallaşmasına dəstək olacaq. Azərbaycan regionda süni intellekt mərkəzinə çevrilməyi hədəfləyən ölkələrdəndir. Bunun üçün, təbii ki, xarici sərmayənin cəlb edilməsi və data mərkəzlərinin yaradılması çox vacibdir.
Bu kontekstdə, təbii ki, bu şirkətlər növbəti dövrdə rəqəmsal ekosistemin formalaşmasına və inkişafına xüsusi dəstək verəcəklər.
Eyni zamanda, Azərbaycanın beynəlxalq hesabatlarda reytinqinin yaxşılaşması da xarici investisiyaların cəlb edilməsini stimullaşdırır. Həm Dünya Bankının, həm də digər aparıcı qurumların, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın investisiya cəlbediciliyinin artması müşahidə olunur. Bu da ölkə iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsinə imkan yaradır”,-deyə deputat vurğulayıb.

İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi Azərbaycan iqtisadiyyatı üçün mühüm hadisədir:

"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi Azərbaycan iqtisadiyyatı üçün mühüm hadisədir. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənədin imzalanması ölkəyə investisiya marağının davam etdiyini göstərir. Lakin iqtisadi baxımdan əsas göstərici imzalanan sənədlərin sayı və investisiyanın nominal həcmi deyil. Əsas məsələ bu layihələrin nə qədərinin real investisiyaya çevriləcəyi və ölkə iqtisadiyyatına hansı əlavə dəyəri gətirəcəyidir. Azərbaycanın investisiya siyasətində əsas hədəflərdən biri kapitalı yüksək əlavə dəyər yaradan sahələrə yönəltmək olmalıdır. Süni intellekt, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, sənaye, əczaçılıq, kənd təsərrüfatı və digər istiqamətlərin forumun gündəliyində olması müsbət haldır. Çünki gələcək iqtisadi rəqabət yalnız təbii resurslarla deyil, texnologiya, məhsuldarlıq, innovasiya və insan kapitalı ilə müəyyənləşəcək”.


O deyib ki, investorun Azərbaycana gəlməsi üçün yalnız investisiya imkanlarının mövcudluğu kifayət etmir:

"İnvestorun Azərbaycana gəlməsi üçün yalnız investisiya imkanlarının mövcudluğu kifayət etmir. İnvestor üçün biznesin ümumi maya dəyəri, maliyyə resurslarına çıxış, logistika, enerji qiymətləri, kadr təminatı, vergi və inzibati prosedurlar da mühüm amillərdir. Bu amillər ölkədə investisiya mühitinin real rəqabət qabiliyyətini müəyyən edir. Xarici investor üçün yaradılan əlverişli şərait yerli sahibkarın da qarşılaşdığı problemlərin həllinə xidmət etməlidir. Digər vacib məsələ xarici investisiyanın yerli iqtisadiyyatla əlaqəsidir. Böyük layihə ölkəyə kapital gətirməklə yanaşı, yerli şirkətlər üçün sifarişlər yaratmalı, yeni texnologiyaların transferini təmin etməli, kadrların peşəkarlığını artırmalı və ixrac imkanlarını genişləndirməlidir. Azərbaycan üçün investisiyanın həcmi qədər onun səmərəliliyi də vacibdir. 10,8 milyard dollar yeni zavodlara, istehsal sahələrinə, texnologiyalara, ixrac məhsullarına və yüksək məhsuldar iş yerlərinə çevrilərsə, bunun iqtisadi təsiri əhəmiyyətli olacaq. Xüsusilə qeyri-neft sektorunda investisiya artımı iqtisadiyyatın şaxələndirilməsi və xarici gəlirlərdən asılılığın azalması baxımından mühüm rol oynaya bilər”.

"Forumun nəticəsini isə bu gün imzalanan sənədlərlə deyil, həmin layihələrin qarşıdakı illərdə icra vəziyyəti ilə ölçmək lazımdır. İnvestisiya forumunun real uğuru 10,8 milyard dollarlıq rəqəmin açıqlanması deyil, həmin kapitalın Azərbaycanda nə qədər yeni istehsal, ixrac, texnologiya, vergi gəliri və məşğulluq yaratması olacaq. İqtisadiyyatın əsas ehtiyacı kapitalın ölkəyə gəlməsi ilə yanaşı, həmin kapitalın yüksək iqtisadi dəyər yaratmasını təmin edən mühitdir”,- deyə iqtisadçı bildirib.

Yazı Medianın İnkişafı Agentliyinin "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR