Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi həbsdə olan islamçılarla bağlı bazar ertəsi “Doğru xəbər” qəzetinin redaksiyasında mətbuat konfransı keçirib. “Turan”ın məlumatına görə, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli 2010-cu il fevralın 13-də 5 dindarın həbsə alınmasını, 2011-ci ildə AİP sədri də daxil olmaqla, məsul şəxslərinin həbsini ölkədə dinə basqının davam etməsi kimi dəyərləndirib. İstər 2010-cu, istər 2011-ci ildə həbs edilən dindarlar günahsız sayılb. Bu şəxslərə qarşı ittihamlar və bu ittihamlar əsasında çıxarılan məhkəmə qərarları əsassız adlandırılıb. Belə həbslər ölkədə qanunun aliliyinin olmaması, konstitusiyada nəzərdə tutulan vicdan azadlığına riayət edilməməsi sayılıb. Bu həbslərlə yanaşı, rəsmi Bakının AİP-in fəaliyyətinə maneələr törətdiyi, hələ də zəbt edilən partiya ofisinin qaytarılmaması nəzərə çatdırılıb. Bu həbslərə etiraz olaraq partiyanın keçirmək istədiyi aksiyara Bakı meriyasının rədd cavabı sərbəst toplaşmaq azadlığının tanınmaması kimi qiymətləndirilib. “3 min nəfərlə aksiya keçirəcəyimiz haqda müraciətə Bakı meriyası təhlükəsizliyi təmin edə bilməyəcəyi ilə cavab verir. O zaman ”Eurovision"la bağlı ölkəyə gələcək 70 minə yaxın adamın təhlükəsizliyi necə təmin ediləcək?", - AİP finksioneri merə sual ünvanlayıb. AİP Baş Məclisinin üzvü Natiq Kərimov dindarların həbsini “dinə qarşı mübarizənin pik nöqtəsi” sayıb. Təkcə həbsdə olan dindarların yox, siyasi və vicdan məhbusu kimi tanınan bütün məhbusların azad olunması tələbinin gündəmə gəlməsinin vacibliyi vurğulanıb. “Ölkənin durumu kritikdir, müxtəlif sahələrdəki böhran ölkəni idarəedilməz həddə gətirib. Bu həbslər də həmin idarəolunmazlığın nəticəsidir”, - N.Kərimov bildirib.Mətbuat konfransında günahsız olduqları iddia edilən 20-yə qədər dindara qarşı polisə müqavimətdən tutmuş, terrora hazırlıq, qanunsuz silah əldə etmə və saxlama və s. ittihamlar irəli sürülüb. 4 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə qərarı çıxarılıb.Mətbuat konfransında diqqəti çəkən masanın üstündəki dövlət bayrağının tərs asılması idi. A.Heydərli “Turan”ın müdaxiləsindən sonra “bu, texniki səhvdir” deyə bayrağı düz asıb.Sonda AİP-in qəbul etdiyi bəyanat diqqətə çatdırılıb. Müəlliflər həbsdə olan islamçıların azad olunmalarını tələb ediblər.