Azərbaycan klublarından avrokuboklarda tarixi rekord
İDMAN
22:31 21.07.2026
247
Azərbaycan futbolunun tarixində yeni rekord müəyyənləşib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, təmsilçilərimizin avrokuboklarda qazandığı ardıcıl qələbələrin sayı yeddiyə yüksəlib.
Tarixi göstərici UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah"ın Finlandiya təmsilçisi "KuPS" üzərində qazandığı qələbədən sonra rəsmiləşib.
Beləliklə, Azərbaycan klubları cari mövsümdə avrokuboklarda keçirdikləri ilk yeddi oyunun hamısından qalib ayrılıblar. Bu qarşılaşmalarda komandalarımız rəqib qapılarından ümumilikdə 17 top keçirib, öz qapılarında isə cəmi 1 qol görüblər.
Bununla da Azərbaycan klubları əvvəlki tarixi göstəricini geridə qoyublar. Sonuncu dəfə 2017/2018 mövsümündə təmsilçilərimiz avrokuboklarda ardıcıl altı qələbə qazanmışdı. Həmin nəticə də iki müxtəlif təsnifat mərhələsini əhatə edən altı oyundan sonra əldə olunmuşdu.
Təmsilçilərimizin uğurlu çıxışı UEFA-nın ölkə əmsalları cədvəlinə də müsbət təsir göstərməkdə davam edir. Azərbaycan hazırda avrokuboklarda mübarizəyə başlayan ölkələr arasında ən uğurlu startlardan birinə imza ataraq xal itirmədən davam edərək diqqət mərkəzindədir.
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS klubunu iki oyunun yekununda 4:1 hesabı ilə üstələyib. "Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını iki görüşün nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib. "Zirə" isə UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" kollektivini eyni hesabla - 6:0 məğlubiyyətə uğradıb. Bunun ardınca "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Finlandiyanın "KuPS" klubuna 1:0 hesab ilə qalib gələrək Azərbaycan klublarının tarixi rekordunu yeddi qələbəyə çatdırıb.