Azərbaycan manatını gözləyən təhlükə - AÇIQLAMA

Azərbaycan manatını gözləyən təhlükə - AÇIQLAMA
İQTİSADİYYAT
16:05 17.02.2015
11514

Azərbaycan manatının məzənnəsinin səviyyəsi dollara nisbətdə düşür. Artıq bu proseslə bağlı Azərbaycan Mərkəzi Bankının məlumatı da açıqlanıb.

Mərkəzi Bankın ölkədə məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə məlumatında deyilir: “AMB-nin İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.

Azərbaycanda manatın məzənnəsinin dollar qarşısında bir qədər aşağı salınması və avro ilə eyniləşdirilməsi barədə planlar bir qədər əvvəl açıqlanıb. Hökumətin bununla bağlı planlarını Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı səsləndirib. Dövlət başçısı Azərbaycan manatının səviyyəsinin güclənməsinə yenidən baxmaq lazım olduğunu bildirib: “Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq”.

Sözügedən məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verəniqtisadçı Azər Mehtiyev bildirdi ki, Azərbaycan manatının devalvasiyası, tədricən məzənnəsinin aşağı salınması gözlənilən məsələ idi: “Son 6-7 ildə manat dövriyyəyə buraxılandan sonra dollara nisbətdə möhkəmlənməkdə davam edirdi. Bu 2005-ci ildən başlayaraq, ölkədə neft hasilatının artması, neftin qiymətinin artması Azərbaycan üçün çox əlverişli bir imkanlar yaratdı. Ölkəyə neft pulları gəlməyə başladı. Həm Neft Fondunda, həm Mərkəzi Bankda kifayət qədər böyük valyuta ehtiyatları formalaşmağa başladı ki, bunun hesabına da, manatın böyük məzənnəsini saxlamaq mümkün oldu. Manat hər zaman möhkəmlənməkdə davam etdi. Ancaq ötən ildən başlayaraq dünya bazarında neftin qiymətinin çox kəskin azalması prosesi baş verdi. Eyni zamanda, son 2-3 ildə Azərbaycanda neftin hasilatının tədricən aşağı düşməsinin şahidi olduq. Bu da o deməkdir ki, neft gəlirlərinin ölkəyə daxil olması, valyuta ehtiyatları azalır. Bu il həm dövlət büdcəsinin planlaşdırılmasına, həm də Neft Fondunun büdcəsinin formalaşdırılmasına nəzər salanda görürük ki, bu il Neft Fondunda yığımla ilin gəlirlərinə vəsait saxlamaq mümkün olmayacaq. Əksinə, büdcəyə daxil olan vəsaitdən daha çox vəsaitin xərclənməsi gözlənilir. Ötən ilin sonlarından başlayaraq Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün dövriyyəyə daha çox valyuta buraxmalı olub.. Böyük həcmdə valyuta manatın kursunun saxlanmasına gedir. Ancaq bu proses uzun müddət davam edə bilməz. Xüsusilə, neft gəlirlərinin azaldığı bir şəraitdə valyuta gəlirlərinin də azalması istər-istəməz manata olan təzyiqləri artırır. Avro ilə bağlı həyata keçirilən siyasət də burada əlavə bir rol oynadı. Avropa Mərkəzi Bankı tərəfindən avronun məzənnəsinin süni şəkildə çalxalanma siyasətinin həyata keçirilməsi manata olan təzyiqləri bir az da artırdı. Bütün bunların nəticəsində artıq manatın məzənnəsinin aşağı salınmasının həyata keçirilməsi siyasəti qaçılmaz idi. Ancaq hələ ki, Mərkəzi Bank bunu ümumiyyətlə, manatın məzənnəsinin tam aşağı salınması formasında deyil, avroya nəzərən proseslərin tənzimlənməsini təmin etmək üçün faktiki olaraq, dollarla manatın məzənnəsinin müəyyən etmək sistemindən manatın məzənnəsinin xarici valyuta səbətində olmaq siyasətinə keçib. Yəni, bundan sonra artıq manatın məzənnəsi dollara görə deyil, dollar və avrodan ibarət bir səbətin məzənnəsinin dəyişməsinə uyğun olaraq tənzimlənəcək. Bu isə o deməkdir ki, dünya bazarında dolların qiyməti bahalaşanda, möhkəmlənəndə, avro zəifləyəndə, buna uyğun olaraq, Azərbaycan manatının məzənnəsində də tədricən azalma baş verəcək. Prosesin bu cür tənzimlənməsi onu göstərir ki, Mərkəzi Bank manatın məzənnəsinin kəskin dəyişməsində maraqlı deyil. Yəni, hansısa bir dövrü gözləyib ondan sonra 20-30 % devalvasiyasina getmək istəmir, prosesi bazarın öhdəsinə buraxır. Tədricən manatın məzənnəsi aşağı düşür, dolların məzənnəsinə yaxınlaşma prosesi baş verir. Bu, əslində doğru bir siyasətdir.

Ona görə ki, cəmiyyətdə psixoloji gərginliyi artırır, daxili bazarda manata olan təzyiqlərin aradan qaldırılmasına xidmət edir. Ancaq burada təhlükəli məqam odur ki, insanlarda təşviş yaranır. Bu cür xəbərlərin yayılmasından vətəndaşlar gərginliyə düşürlər və əllərində olan vəsaitləri dollara çevirmək istəyirlər. Bu gərginlik istər-istəməz dollara olan tələbatı gücləndirən amildir. Bunu biz Rusiyada müşahidə etdik. Mərkəzi Bank çalışmalıdır ki, əhali arasında təşviş baş verməsin və bu ciddi proseslərə gətib çıxartmasın. Ancaq sırf manatın məzənnəsinin tədricən aşağı düşməsi məsələsi indiki halda qaçılmaz bir prosesdir. Proses ölkədə müəyyən inflyasiya yarada bilər. Qiymətlərdə müəyyən qədər yüksəlmə baş verə bilər. Azərbaycanda neftdən başqa digər sahələrdə ixracın stimullaşdırılmasına gətirib çıxara bilər. İdxalda müəyyən qiymət artımlarına səbəb ola bilər. Əgər bu proses ciddi nəzarət altında baş verərsə, bunun ciddi sosial və iqtisadi nəticələri olmaya bilər. Ancaq vəziyyətin gərginliyi daha çox neftin qiymətindən asılı olacaq. Əgər uzun müddətli dövr üçün neftin qiymətləri indiki səviyyədə - 50-60 dollar səviyyəsində qalarsa, manatın məzənnəsinin daha böyük düşməsinin şahidi olacağıq”.

Orxan

OXŞAR XƏBƏRLƏR