“Biz istəyirik ki, münaqişənin həlli Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunların çıxarması ilə başlasın”.
“Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 17-si Bakıda türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə belə deyib. Nazir qeyd edib ki, Azərbaycanın həmsədrlərin fəaliyyətindən narazı olmağa obyektiv əsası var: “Biz çox sevinərdik ki, bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq”. İranın Dağlıq Qarabağ münaqişənin həllində vasitəçi rolunun mümkünlüyünə gəldikdə, Elmar Məmmədyarov deyib ki, Azərbaycan münaqişənin həlli istiqamətində istənilən ölkədən gələn təklifi alqışlayır: “Biz istəyirik ki, münaqişənin həlli Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunların çıxarması ilə başlasın”.