"Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən dövlətlər ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək"

"Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən dövlətlər ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək"
ÖZƏL
13:32 28.02.2025
208
"Azərbaycan Milli QHT Formunda vacib bir tədbir baş tutdu. Tədbirin əsas məqsədi müstəmləkəçiliklə mübarizədə vətəndaş cəmiyyətinin rolu, Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyətləri və bu sahədəki perspektivlər ətrafında müzakirələr aparmaq idi. Görüşdə, xüsusilə Fransanın, Niderlandın, Belçikanın və digər ölkələrin hələ də müstəmləkəçilik altındakı dəniz aşırı əraziləri və müstəmləkə ölkələrində fəaliyyət göstərən media nümayəndələrinə, müstəmləkəçiliklə mübarizə aparan Azərbaycanın təşəbbüsləri və bu istiqamətdəki fəaliyyətlər haqqında mesajlar verildi. Azərbaycan qeyri-hökumət təşkilatları, xüsusilə də Milli QHT Forumu bu məsələyə xüsusi diqqət çəkdi. Bu forum və digər qeyri-hökumət təşkilatları, qoşulmama hərəkatı çərçivəsində, Bakı Təşəbbüs Qrupu ilə həyata keçirilən fəaliyyətlərdə müstəmləkəçiliklə mübarizədə Azərbaycanın fəal rolunu vurğuladılar".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri ilə görüşdən danışarkən deyib.

Deputat həmçinin onların müstəmləkəçilik siyasəti nəticəsində necə təzyiq altında saxlanıldığından bəhs edərkən bunları deyib:

"COVID-19 pandemiyası zamanı da bu mövzu geniş müzakirə olunmuş, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin iqlim dəyişikliyi ilə bağlı ciddi problemlərlə üzləşdikləri qeyd olunmuşdur. Həmin ölkələrin təbii sərvətlərinin istismar edilməsi, onların müstəmləkəçilik siyasəti nəticəsində necə təzyiq altında saxlanıldığını və bunun 21-ci əsrdə də davam etdiyini qeyd edən Azərbaycan tərəfi, beynəlxalq hüququn əsas prinsiplərinə hörmət göstərilməsinin vacibliyini vurğuladı. Bu istiqamətdə Azərbaycan Milli QHT Forumu və digər təşkilatlar bu məsələyə ciddi yanaşaraq, beynəlxalq hüququn təmin olunması nöqtəsində fəal fəaliyyət göstərirlər.

Görüşün ən mühüm nəticələrindən biri, müxtəlif ölkələrdən gələn qonaqların, Azərbaycanın müstəmləkəçiliklə mübarizə sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirməsi oldu. Azərbaycanın bu mövzuda apardığı uzunmüddətli mübarizənin və təcrübənin, xüsusilə qoşulmama hərəkatının sədri olduğu dövrdə əldə edilən nəticələrin dünya ictimaiyyətinə çatdırılması, bu mübarizədə yeni ümidlər yaratmışdır".
 
Bu görüş, qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından olduqca faydalı oldu deyən Azər Allahverənov gələcəkdə də bu tip əməkdaşlığın davam edəcəyini vurğulayıb:

"Azərbaycan qeyri-hökumət təşkilatları və onların əməkdaşlıq etdiyi platformalar, gələcəkdə daha geniş spektrdə beynəlxalq təşəbbüslərə qatılmağı planlaşdırırlar. Bu görüş, qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından olduqca faydalı oldu. Azərbaycan tərəfi, bu əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirərək, müstəmləkəçilikdən əziyyət çəkən dövlətlərin vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmağı və vahid bir siyasət və strategiya ilə bu hədəflərə çatmağı qarşıya məqsəd qoymuşdur. Ümumiyyətlə, bu görüşün faydalı olmasının səbəbi, yalnız müstəmləkəçiliklə mübarizə sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi deyil, həm də Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərinə riayət edərək, gələcəkdə daha geniş spektrdə beynəlxalq əməkdaşlıq və müsbət nəticələr əldə etməsi üçün zəmin yaratmasıdır".
 
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, həmin media nümayəndələrinin Mətbuat Şurasına gəlməsi, Azərbaycan mətbuatının fəaliyyəti ilə maraqlanması onların gələcəkdə öz yazılarında da Azərbaycan mediası haqqında artıq təəssüratlara malik olmasının göstəricisi olacaq:
 

"Fransanın müstəmləkəçilik altında olan ölkələrdən Azərbaycana səfər edən media nümayəndələri ilə görüş çox əhəmiyyətli oldu. Düşünürəm ki, həmin media nümayəndələrinin Mətbuat Şurasına gəlməsi, Azərbaycan mətbuatının fəaliyyəti ilə maraqlanması onların gələcəkdə öz yazılarında da Azərbaycan mediası haqqında artıq təəssüratlara malik olmasının göstəricisi olacaq. Bu baxımından da düşünürəm ki, Azərbaycan mediasının istər Qarabağ müharibəsində, istərsə də ondan sonrakı dövrdə apardığı informasiya müharibəsi ilə yanaşı operativ və obyektiv fəaliyyəti həm də Fransa müstəmləkəçiliyindən əziyyət çəkən jurnalsitlər üçün bir növ yol xəritəsi kimi səciyyələndirilə bilər".

 
Hacıbəy Heydərli həmçinin həmin jurnalistərin ölkəmizdə olan media mühiti ilə tanış olmalarını yüksək qiymətləndirib: 
 
"Mətbuat Şurasında qonaq olan həmin ölkələrin media nümayəndələri də öz media orqanları haqda geniş məlumat verdilər. Azad şəkildə fəaliyyət göstərə bilmədiklərini xüsusi qeyd etdilər. Fransa dövlətinin onlara olan basqılarından, təziqlərindən danışaraq bu məsələləri ön plana çıxardılar. Azərbaycan da hər zaman beynəlxalq mühitdə bu kimi ölkələrə dəstək verir. Həmin jurnalistlərin Azərbaycana təşrif buyurması, buradakı media mühiti ilə tanış olmalarını yüksək qiymətləndirirəm".
 
Qeyd edək ki, Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri Mətbuat Şurasında olublar. Görüş zamanı müstəmləkəçilik siyasətinin yaratdığı sosial, siyasi və mədəni fəsadlar geniş müzakirə edilib. Xüsusilə, müstəmləkə rejimlərinin medianın inkişafına zərbələr vurduğu və təzyiqlərin davam etdiyi bildirilib. Bu çərçivədə kolonial siyasətin informasiya axınını manipulyasiya etməsi, senzura tətbiqi və yerli mədəniyyətlərin informasiya məkanından sıxışdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa müstəmləkələri altında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdıqları real çətinliklər ön plana çəkilib.
 
Günel Hüseynli  

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR