Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının İrəvana təhvil verilməsindən narahatlıq keçirir. Trend-in məlumatına görə, bunu parlamentin payız sessiyanın ilk iclasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
"Bununla bağlı Azərbaycanın müvafiq strukturları ilə bir neçə dəfə görüşüb məsələ qaldırmışam. Onlar da bildiriblər ki, bu məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra rəsmi reaksiya olacaq", - deyə Əsgərov bildirib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı Ermənistandakı Rusiya hərbi bazalarının rəsmi İrəvana verilməsi ilə bağlı məsələ qaldırıb. O, qeyd edib ki, Rusiyanın silahlarının Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə keçirilməyəcəyinə heç kim təminat verə bilməz.
"Çünki həmin hərbi bazalarda işləyənlər ermənilər özləri olacaqlar", - Rüstəmxanlı deyib.
Millət vəkili bu məsələ ilə bağlı BMT və Rusiyaya müraciət etməyin və BMT-dən buna reaksiya verilməsinin ciddi tələb olunmasının vacibliyini vurğulayıb.