'Azərbaycan qadınını cahil kimi, terrorist kimi görən Avropanın öz dəyəri qalmayıb' – A.S.A-da debat

GƏNCLİK
11:56 25.01.2012
1693

Azərbaycan Tədris Akademiyasında (ASA) yalnız 1 gün - 24 yanvar tarixində saat 18:00-da “Şərq qadını dünyada necə görünür?” mövzusunda debat keçirilib.

Debat “Biz Şərqdənik” adlı qısametrajlı filmin mövzusu ilə bağlı olub. Debatda kinossenarist Eldəniz Quliyev, rejissor Əlisa Cabbarov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iştirak edib. Filmin ssenarisi, rejissor işi, aktyor işi peşəkarlar tərəfindən qiymətləndirilib.

Debatdan öncə 18 dəqiqəlik “Biz Şərqdənik” adlı qısametrajlı film nümayiş olunub. Filmin ardından müzakirələrə start verilib. İlk sözü rejissor Əlisa Cabbarov söyləyib. Əlisa Cabbarov filmdə olan montaj səhvlərindən bəhs edərək, filmin geniş müzakirəyə çıxarılmasının tərəfdarı olduğunu qeyd edib: “Burada montaj səhvləri var. Bu film televiziya üçün çəkilmiş ola bilər ancaq geniş auditoriya qarşısına çıxarıla bilməz. Amma onu deyim ki, film çox müasir üslubda çəkilib və çox böyük əziyyətin olduğu görünür. Sadəcə burada çatışmayan məqam, ssenaristin yazdığını rejissorun özünküləşdirə bilməməsi olub. Buna görə filmdə çatışmayan məqamlar daha çox diqqəti cəlb edir”.

Daha sonra isə filmi peşəkarlıq baxımından kinossenaristEldəniz Quliyev dəyərləndirib. Tanınmış rejissor ssenaristin yazdığı ssenari ilə rejissorun çəkdiyi arasında təzadlı məqamların olduğunu bildirib: “Əvvəlcə mən gənc rejissorun işini alqışlayıram və bu işin çox səliqə ilə görüldüyünü söyləmək istəyirəm. Sadəcə burada çatışmayan məqam, ssenaristin yazdığını rejissorun özünküləşdirə bilməməsi olub. Buna görə filmdə çatışmayan məqamlar daha çox diqqəti cəlb edir. Hiss olunur ki, bu filmin üzərində çox əmək sərf edilib”.

Mütəxəssislərin ardından filmə qiymət verənlərin arasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da olub. Tənzilə xanım filmə qiymət verməzdən öncə belə bir təşəbbüsün reallaşdırılmasına görə filmdə əziyyət çəkən hər kəsə təşəkkür etdi: “Onu deyim ki, mən film mütəxəssisi deyiləm. Ona görə də, fikirlərim sırf peşəkarlıqdan kənar ola bilər. İlk növbədə qeyd edim ki, filmdə görmək istədiyimiz Azərbaycan qadınını canlandırılmayıb. Çünki bizim qadınımız daha mübariz və özlüyünda daha müasirdir. Düzdür, bu gün Avropa Şərqə baxanda istər kişilərini, istərsə də onun qadınlarını çadralı, terrorist, cahil, internetdən istifadə edə bilməyənlər kimi görürlər. Ancaq bu Avropanın və ABŞ-ın cahilliyidir ki, onlar Azərbaycanı tanımırlar. Avropalılarda namus deyilən bir dəyər yoxdur. Ancaq bizdə bu var. Məsələn, bizdə ata öz övladına şillə vura bilər. Avropada isə uşağına şillə vuran ata, uşağın anası tərəfindən məhkəməyə verilib həbs edilir. Biz bu dəyərləri qoruyub saxlamalıyıq. Bu yaxınlarda Belçikadan bir neçə qonağım gəlmişdi. Mən onlarla söhbətləşərkən onların arasında bir qadın mənə dedi ki, siz öz milli-mentalitetinizi qoruyun. Çünki biz qoruya bilmədik. Hətta o mənə dedi ki, mən öz uşağıma o qədər azadlıq verdim ki, gün gəldi oğlumun qoluna narkotikanı özüm vurdum. Demək istəyirəm ki, Azərbaycan qadınını cahil kimi, terrorist kimi, görən Avropanın öz dəyəri  qalmayıb”.

Debatda filmin ssenari müəllifi İlhamə Novruzova və filmin rejissoru Ramil Ağasiyev isə filmin daha çox Avropa auditoriası üçün nəzərdə tutulduğunu deyiblər. İlhamə Novruzova öz növbəsində filmin çəkilişi zamanı filmin rejissoruna və operatoruna minnətdarlığını bildirib: “Əslində mən bu müzakirədə səslənən hər bir fikrə hörmətlə yanaşıram. Ancaq bu filmin kifayət qədər uğurlu olduğunu düşünürəm. Tənzilə xanım deyir ki, bizi hər yerdə özümüzə görə tanımalıdırlar. Ancaq mən bir faktı diqqətinizə çatdırırmaq istəyirəm. Bir neçə ay bundan öncə ABŞ-da olarkən mən bir faktın şahidi oldum. ABŞ-ın bir çox ştatlarındakı universitetlərdə olarkən oradakı tələbələrin hətta müəllimlərin Azərbaycanı tanımaması məni çox təəcübləndirdi. Bu gün biz deyirik ki, bizi tanıyırlar. Ancaq onlar bizi heç xəritədə belə göstərə bilmirlər. Buna görə biz bu filmdə Azərbaycan qadınının Avropa qadınından görünüş baxımından heç də geridə qalmadığını və düşüncə baxımından da yeri gələndə onlardan üstün olduğunu göstərməyə çalışmışıq. Bilirsiniz ki, ABŞ-da və Avropada təhsil üsulu fərqlidir. Onlar üçün Azərbaycanın harada yerləşməsi və necə bir ölkə olması maraqlı deyil”.

Filmin rejissoru Ramil Ağasiyev isə filmdə olan səhvləri özünündə qəbul etdiyini inkar etməyib: “Mən bu filmə birinci baxdığım gün öz səhvlərimi və ümumi komanda səhvini gördüm. Təbii ki, burada əyləşən mütəxəssislər də öz rəylərində mənim fikirləşdiyim nüanslara toxundular. Hələ ki, yeni-yeni fəaliyyətdə olan bir rejissor kimi, çalışacam ki, gələcəkdə bu filmdə buraxdığım səhvləri təkrarlamayım.

Qeyd edək ki, debatın aparıcısı İctimai Televiziyada yayımlanan "Ortaq məxrəc" verilişinin aparıcısı Vəsilə Vahidqızı olub.. 

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR