Azərbaycan qlobal enerji dialoqunun mərkəzinə çevrilir – Bakı Enerji Həftəsinin önəmi

Azərbaycan qlobal enerji dialoqunun mərkəzinə çevrilir – Bakı Enerji Həftəsinin önəmi
MEDIA
15:23 03.06.2026
168
Bakıda keçirilən Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji və iqtisadi əməkdaşlıq məkanında mühüm platformaya çevrildiyini göstərir. Bu tədbir təkcə enerji sektorunun texniki müzakirələri ilə məhdudlaşmır, eyni zamanda ölkənin qlobal proseslərə inteqrasiya səviyyəsini, diplomatik aktivliyini və investisiya cəlbediciliyini nümayiş etdirən strateji bir forum kimi çıxış edir.

Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyi, neft-qaz ixracı və bərpa olunan enerji keçidi kimi istiqamətlərdə regionun aparıcı ölkələrindən biri kimi tanınır. Bakı Enerji Həftəsinin keçirilməsi də bu reallığın davamı olaraq ölkənin beynəlxalq enerji dialoqunda sabit və etibarlı tərəfdaş statusunu daha da gücləndirir. Burada dünyanın müxtəlif ölkələrindən olan şirkətlər, ekspertlər və dövlət nümayəndələri bir araya gələrək enerji bazarlarının gələcəyi, yaşıl enerji layihələri və yeni investisiya imkanlarını müzakirə edirlər.

Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq forumlar ölkənin qlobal gündəlikdə artan rolunu aydın şəkildə ortaya qoyur. Xüsusilə COP29 kimi nüfuzlu iqlim konfransına ev sahibliyi Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında nə qədər önəmli mövqeyə yüksəldiyini göstərdi. COP29 çərçivəsində aparılan müzakirələr təkcə ətraf mühit məsələləri ilə deyil, həm də qlobal iqlim maliyyəsi, enerji keçidi və inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi kimi strateji istiqamətlərlə bağlı idi. Bu isə Azərbaycanın artıq yalnız enerji ixracatçısı deyil, eyni zamanda qlobal qərarvermə proseslərinin aktiv iştirakçısı olduğunu təsdiqlədi.

Eyni xətt üzrə VUF13 kimi gələcək yönümlü beynəlxalq platformalara ev sahibliyi də ölkənin "insan kapitalı” və "dayanıqlı inkişaf” gündəliyinə verdiyi önəmi göstərir. Belə forumlar gənclərin qlobal proseslərə inteqrasiyasını, yeni ideyaların formalaşmasını və innovativ yanaşmaların təşviqini hədəfləyir. Bu da Azərbaycanın yalnız iqtisadi və enerji mərkəzi deyil, həm də intellektual və sosial inkişaf platforması kimi mövqeyini gücləndirir.

Bütün bu tədbirlər bir arada baxıldıqda, aydın olur ki, Bakı artıq sadəcə regionun enerji mərkəzi deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrilib. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, müasir beynəlxalq münasibətlər sistemində enerji artıq yalnız iqtisadi resurs deyil:

"Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər təkcə enerji sektoruna aid statistik göstərici və ya tədbirin təşkilati uğuru kimi qiymətləndirilməməlidir. Əslində burada söhbət Azərbaycanın son otuz ildə formalaşdırdığı enerji diplomatiyasının beynəlxalq legitimlik qazanmasından və ölkənin regional aktordan qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçılarından birinə çevrilməsindən gedir. Bakı Enerji Həftəsinə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, enerji şirkətlərinin rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və ekspert dairələrinin artan marağı Azərbaycanın enerji siyasətinin etibarlılığına verilən siyasi və iqtisadi qiymət kimi qəbul edilə bilər.

Müasir beynəlxalq münasibətlər sistemində enerji artıq yalnız iqtisadi resurs deyil. O, həm də xarici siyasət aləti, milli təhlükəsizlik elementi və geosiyasi təsir mexanizmidir.

Azərbaycanın enerji diplomatiyasının əsas üstünlüyü ondan ibarətdir ki, ölkə uzun illər ərzində özünü etibarlı tərəfdaş kimi təsdiqləyə bilib. Məhz bu amil Bakı Enerji Həftəsini sırf sərgi və konfrans formatından çıxararaq beynəlxalq siyasi-iqtisadi dialoq platformasına çevirib”.

Parlamentari qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu məkanlardan birinə çevrilib:

"Əgər 1990-cı illərdə Azərbaycanın əsas məqsədi enerji ehtiyatlarını dünya bazarına çıxarmaq idisə, hazırda ölkə enerji marşrutlarının formalaşmasında iştirak edən, enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu və qərarların verildiyi məkanlardan birinə çevrilib.
Bu baxımdan, dünyanın aparıcı siyasi liderlərinin tədbirə ünvanladıqları məktublar diplomatik etiketdən daha çox siyasi mesaj xarakteri daşıyır. Həmin mesajlar göstərir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısı kimi qəbul olunur, Bakı beynəlxalq enerji dialoqu üçün etibarlı platformadır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri uzunmüddətli strateji əhəmiyyət daşıyır və ölkənin enerji siyasəti beynəlxalq tərəfdaşlar tərəfindən proqnozlaşdırıla bilən və etibarlı strategiya kimi qəbul olunur”.

Deputat qeyd edib ki, Bakı Enerji Həftəsinin nüfuzunun yüksəlməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin 
göstəricisidir:

"Bakı Enerji Həftəsinin nüfuzunun yüksəlməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin də göstəricisidir. Xüsusilə son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda ölkəmizin əhəmiyyəti daha da artıb. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti, yeni nəql marşrutlarına ehtiyac və enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması Azərbaycanın strateji rolunu gücləndirib. Bu gün Azərbaycan Xəzər hövzəsinin əsas enerji ixracatçılarından biridir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır, Şərq-Qərb enerji dəhlizinin əsas halqasını təşkil edir, həm ənənəvi enerji resursları, həm də yaşıl enerji istiqamətində regional liderlik iddiasını bacarıqla nümayiş etdirir. 

Bakı Enerji Həftəsi isə bu imkanların sərgiləndiyi və beynəlxalq auditoriyaya təqdim olunduğu əsas platformadır.

Beynəlxalq praktikada enerji sahəsində uğur qazanan ölkələr əldə etdikləri iqtisadi resursları siyasi təsir imkanlarına çevirməyə çalışırlar. Azərbaycanın təcrübəsi göstərir ki, enerji layihələri yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də siyasi etimad kapitalıdır.

"Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr müxtəlif dövlətləri, transmilli şirkətləri və maliyyə institutlarını vahid maraq ətrafında birləşdirib. Nəticədə Azərbaycanın tərəfdaş şəbəkəsi genişlənib və ölkənin beynəlxalq manevr imkanları artıb”.

O vurğulayıb ki, Bakı Enerji Həftəsinin nüfuzunun yüksəlməsi etimad kapitalının  da böyüməsinə xidmət edir:

"Bakı Enerji Həftəsinin nüfuzunun yüksəlməsi bu siyasi və iqtisadi etimad kapitalının daha da böyüməsinə xidmət edir. Çünki burada formalaşan əlaqələr sonradan yeni enerji layihələrinə, nəqliyyat-logistika təşəbbüslərinə, investisiya proqramlarına, texnologiya transferinə, siyasi və iqtisadi əməkdaşlıq mexanizmlərinə çevrilə bilir. Müasir dünyada investisiya qərarları yalnız iqtisadi göstəricilər əsasında verilmir. Siyasi sabitlik, hüquqi mühit, tərəfdaşın etibarlılığı və uzunmüddətli strategiya da əsas meyarlar sırasındadır.

Bakı Enerji Həftəsi məhz bu baxımdan Azərbaycanın beynəlxalq investorlar üçün etimad ekspozisiyası rolunu oynayır. Belə ki, tədbir çərçivəsində investorlar ölkənin enerji potensialı ilə tanış olur, dövlət qurumları ilə birbaşa təmas qurur, yeni layihələr barədə məlumat əldə edir, regional bazarların perspektivlərini qiymətləndirirlər. Bu isə həm ənənəvi enerji sektoruna, həm də yeni istiqamətlərə investisiya axınını sürətləndirə bilər. Xüsusilə son illərdə Azərbaycanın yaşıl enerji strategiyası investor marağını artıran əsas amillərdən biridir.

Bakı Enerji Həftəsinin əhəmiyyətini artıran amillərdən biri də onun artıq yalnız neft və qaz tədbiri olmamasıdır.

Hazırda tədbirin gündəliyində:
 
günəş və  külək enerjisi, hidrogen layihələri, enerji keçidi, dekarbonizasiya siyasəti, yaşıl texnologiyalar kimi məsələlər xüsusi yer tutur. Bu isə Azərbaycanın gələcək enerji modelini beynəlxalq tərəfdaşlara təqdim etməsinə imkan yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan yaşıl enerji zonaları, Xəzər dənizində külək enerjisi potensialı və Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək yaşıl enerji dəhlizi layihələri gələcək investisiyaların əsas istiqamətlərindən biri hesab olunur. Zənnimcə, Bakı Enerji Həftəsinin nüfuzunun artması daha geniş geosiyasi mənzərədə də qiymətləndirilməlidir.

Bu tədbir Azərbaycanın enerji istehsalçısı, tranzit ölkə, enerji təhlükəsizliyi tərəfdaşı, yaşıl enerji təşəbbüskarı, beynəlxalq dialoq platforması kimi çoxşaxəli rolunu gücləndirir.
Dünyanın aparıcı siyasi liderlərinin tədbirə diqqət göstərməsi də məhz bu reallığın təsdiqidir”.

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib. 

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR