"Azərbaycan rus dilində təhsilə görə MDB-də ilk sıralarda yer tutur" - Deputat

SİYASƏT
15:59 28.11.2021
1189
"O qənaətdə deyiləm ki, biz Rusiyasız bu yolu qət edə bilməzdik, lakin, reallıq odur ki, bizim üçün Avropa elm, təhsil və mədəni dəyərlərinə körpü Rusiya olub".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib. 

Deputat qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərini qiymətləndirərkən iki müstəqil, hər birinin öz maraqları olan dövlətlərdən söhbət getdiyini yaddan çıxarmamalıyıq:

"Reallıqdır ki, Rusiya ciddi qlobal gücdür və biz bu güc mərkəzi ilə birgə 200 ildən artıq ortaq tarixi yol keçmişik. Sirr deyil ki, XIX əsrin ortalarından etibarən Azərbaycanda elm və təhsilin inkişafında, dünya mədəniyyətinə inteqrasiyada Rusiya amili müstəsna rola malikdir. Mən o qənaətdə deyiləm ki, biz Rusiyasız bu yolu qət edə bilməzdik, lakin, reallıq odur ki, bizim üçün Avropa elm, təhsil və mədəni dəyərlərinə körpü Rusiya olub. Öz növbəsində Azərbaycan isə Rusiya üçün regionda həmişə ən etibarlı tərəfdaş olub. Baxmayaraq ki, Moskva Cənubi Qafqazda öz forpostu kimi Ermənistanı yaradıb, lakin ermənilər bütün imkanlarda Rusiyaya xəyanət edib. 

Müstəqilliyin ilk illərində bizimlə də müəyyən problemlər yaşansa da, ümummilli lider Heydər Əliyev Moskva ilə münasibətləri yenidən nizama sala bildi. Cənab İlham Əliyev isə Rusiya cəmiyyətində və siyasi dairələrində çox ciddi çəkiyə malik dövlət xadimi kimi qəbul edilir, fikirləri ilə hesablaşılır. Xüsusən, hər iki ölkə liderinin şəxsi münasibətləri iki dövlət arasında kommunikasiyaların intensiv və səmərəli xarakter almasına səbəb olub. 

Baxmayaraq ki, Rusiyanın Ermənistanda çox ciddi maraqları var, lakin Bakının uğurlu siyasi strategiyasının nəticəsi olaraq, Vətən müharibəsində biz Moskvanın qanedici mövqeyini müşahidə etdik. Düzdür, ortaya əks-arqumentlər də ortaya qoyula bilər, lakin bu məsələlərdən danışarkən birtərəfli yanaşmaq doğru deyil. Rusiya-Azərbaycan münasibətlərini qiymətləndirərkən iki müstəqil, hər birinin öz maraqları olan dövlətlərdən söhbət getdiyini yaddan çıxarmamalıyıq. Dövlətlərin öz milli maraqlarını  üstün tutması reallığı fonunda Moskva-Bakı münasibətlərini təhlil edəndə isə, ümumilikdə əlaqələrin kifayət qədər yüksək səviyyədə olduğunu görərik".

Deputatın sözlərinə görə, Azərbaycan rus dilində təhsilə görə MDB məkanında ilk sıralardan birində qərarlaşır:

"Münasibətlərin mühim bağlarından biri heç şübhəsiz ki, elm və təhsil istiqamətidir və bugünkü görüşdə cənab ilham Əliyev və Vladimir Putinin məhz təhsil məsələsini gündəmə gətirmələri təsadüf deyil. Azərbaycan rus dilində təhsilə görə MDB məkanında ilk sıralardan birində qərarlaşır və əsas müttəfiqi Ermənistanda bütün rusdilli məktəblərin bağlanması fonunda Rusiya Azərbaycandakı bu faktora çox həssaslıqla yanaşır. Eyni zamanda Rusiyada tələbələrimizin təhsili üçün münbit şəraitin yaradılması Azərbaycan üçün ciddi önəmə malikdir. Bizim Rusiya elmi-mədəni dairələrində artan çəkiyə ciddi ehtiyacımız var. Eyni zamanda 15 mindən artıq tələbə milli maraqları müdafiə edən ciddi diaspora kütləsi deməkdir. Bütün bu amillər isə əlbəttə, Rusiyada Bakının mövqenin möhkəmlənməsi deməkdir".
 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR