Azərbaycan sadə sual, çətin sınaq qarşısındadır

Azərbaycan sadə sual, çətin sınaq qarşısındadır
Bütün Xəbərlər
13:21 18.01.2012
1377

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri rəsmi Bakının mövqeyini şərh edib

Azərbaycan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist Elxan Şahinoğlu Fransanın saxta "erməni soyqırımı"nın inkarının cinayət sayılmasını nəzərdə tutan layihəni qanuniləşdirməyə çalışma səyləri qarşısında rəsmi Bakının tutduğu mövqeni dəyərləndirib.

Elxan Şahinoğlunun "Mediaforum.az" saytında dərc olunan yazısını təqdim edirik:

Fransa parlamentinin aşağı palatası “erməni soyqırmı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsinə səs verməsi Parislə Ankaranın münasibətlərinin gərginləşməsinə yaşıl işıq yandırdı. Yanvarın 23-də qanun layihəsi Senatın müzakirəsinə çıxarılacaq. Halbuki sənədin fevralın sonlarına doğru Senata göndəriləcəyi düşünülürdü. Ancaq görünür, prezident Nikola Sarkozi prosesləri sürətləndirməyə qərar verib. Onun eyni qanunun qəbulu məqsədilə Avropa Birliyi dövlətlərinə müraciət etməsi də çox nəsnədən xəbər verir. Prezident seçkisinə hazırlaşan Sarkozi bu yolla erməni lobbisinin səsini qazanmaq istəyir.

Sarkozi və onun tərəfdarlarının yolu bəllidir. Türkiyə hökumətinin atacağı addımlar da məlumdur. Senatın qanun layihəsini təsdiq edəcəyi halda baş nazir Rəcəb Tayyib Ərdoğanın Fransa ilə münasibətlərə yönəlik konkret planı var. Bircə “hazırki şəraitdə Azərbaycan iqtidarının hansı planı var” sualı açıq qalıb. Çünki qanun layihəsi təsdiq olunarsa, Fransanın ermənpərəst mövqeyi rəsmiləşəcək. Bu isə o deməkdir ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyi rəsmən pozulmuş olacaq. Belə olan halda Fransanın Minsk qrupunda həmsədrliyini davam etdirməsi mümkün deyil. Əslində bunun belə olduğu bizə çoxdan bəllidir.

1996-cı ildə ATƏT-in Lissabon sammitində qurum sədri adından Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 maddəlik bəyanat qəbul edildikdə rəsmi Bakı çox sevinmişdi. Hakimiyyət mənsubları geniş kampaniya apararaq münaqişənin 1997-ci il ərzində həll olunacağını vurğulayırdılar. Ancaq həmin bəyannamənin heç nə ifadə etməyən sadə kağız parçası olduğu qısa müddətdə üzə çıxdı.

Bu azmış kimi ATƏT sədri Azərbaycan hakimiyyətinin mövqeyini nəzərə almadan Fransanı Minsk qrupuna üçüncü həmsədr təyin etdi. Halbuki rəsmi Bakı bu qisimdə Türkiyə və ya Almaniyanı görmək istəyirdi. ATƏT sədri Azərbaycan hakimiyyətinin və ictimaiyyətinin istəyini qulaqardına vurdu. Mərhum dövlət başçısı Heydər Əliyev də onunla məsləhətləşmədən Fransanın həmsədr təyin olunmasını tənqid etdi, ancaq prezident bu qərarın əleyhinə də çıxa bilmədi. Çünki Fransanın həmsədr təyin olunmasını xəbərini Heydər Əliyev elə bu ölkəyə rəsmi səfəri zamanı almışdı.

Parisin münaqişənin həlli istiqamətində bəzi təşəbbüsləri oldu. 2001-ci ildə Fransa prezidenti Jak Şirak azərbaycanlı və erməni həmkarlarını Parisə dəvət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdi. Ancaq Jak Şirakın masa üzərinə qoyduğu plan Azərbaycanın maraqlarına cavab vermədiyindən Heydər Əliyev ondan imtina etdi. Fransanın növbəti həmləsi bir neçə il sonra Rambuye qəsrində həyata keçirildi. Ancaq bu görüş də nəticəsiz qaldı. Başqa cür ola da bilməzdi. Fransa Ermənistanın və erməni lobbisinin maraqlarına zidd addım atmaz. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli isə Parisin fərqli addım atmasını diktə edir.

“Atlas” Araşdırmalar Mərkəzinin ötən ilin noyabr ayında Tərtər, Bərdə və Göyçayda keçirdiyi sorğunun nəticələri də Azərbaycan ictimaiyyətinin Fransaya münasibətini ortaya qoydu. “Dağlıq Qarabağ münaqişəsinin həllində hansı ölkənin vasitəçi olmasını istəyirsiniz” sualının cavabında 5 ölkənin adı yazılmışdı: ABŞ, Rusiya, Fransa, Türkiyə və İran. Sorğuda birinciliyi Türkiyə qazanmışdı. Bir qisim respondent ABŞ və Rusiyanın da adını çəkmişdi. Ancaq sorğuya qatılan 200 nəfərdən bir kimsə nə Fransa, nə də İranın adını çəkdi. Bu ictiamiyyətin Fransaya olan münasibətini göstərir.

Fransanın indiki prezidenti Nikola Sarkozinin də ermənipərəstliyi özünü çox gözlətmədi. Prezident olduğu gündən Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxır. O, Türkiyənin Avrasiya bölgəsində artan rolundan narahatdır. Ərdoğan Liviya, Tunis və Misiri ziyarət etdiyi günün sabahısı Sarkozi də həmin bölgəyə tələsdi. İndi də “erməni soyqırımı” layihəsi ilə Türkiyəni güncə sıxışdırmağa çalışır. Sarkozinin son Cənubi Qafqaz səfəri də onun ermənipərəstliyini açıq-aşkar ortaya qoydu. Bütün gününü Yerevanda keçirən, “soyqırımı” abidəsini ziyarət edən Sarkozi Bakıda 3 saatdan da az qaldı. Nə mətbuat konfransı keçirdi, nə Dağlıq Qarabağ münaqişəsinin həllindən söz açdı, nə də müqəddəs ziyarətgahımız sayılan Şəhidlər xiyabanına baş çəkdi. Bu səfər Azərbaycanı aşağılamaqdan başqa bir şey deyildi. Təəssüf ki, rəsmi Bakı səfərin bu şəkildə həyata keçirilməsinə narazılığını ifadə etmədi. “Ermənistan Fransanın bacısıdır” deyən Sarkoziyə dolayı yolla da olsa irad bildirilmədi.

Azərbaycan ictimaiyyəti, QHT-lər, media Fransa parlamentinin məlum qərarına kifayət qədər sərt reaksiya verib. Hakim Yeni Azərbaycan Partiyasının mənsubları da Fransa parlamentinin qərarına etiraz ediblər. Bu sırada Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun jurnalistlərə verdiyi açıqlamanı xatırlatmaq istərdim. Milli Məclisdə də Fransanı tənqid edən fikirlər səsləndi. Ancaq elə həmin iclasın sonunda bəlli oldu ki, Fransa parlamentinə müraciət qəbul olunması lazım bilinməyib.

Bundan sonra Türkiyənin siyasi və ictimai dairələrindən Azərbaycan hakimiyyətinə yönəlik müxtəlif bəyanatlar səsləndi. Türkiyə prezidenti Abdulla Gül Fransanın Minsk qrupundakı həmsədrliyinin davamının mümkünsüz olduğunu vurğuladı. Əslində bu açıqlama Parisə deyil, Bakıya ünvanlanmışdı ki, Azərbaycan hakimiyyəti hərəkətə gəlsin. Təxminən bir həftə sonra Milli Məclis Fransa parlamentinə müraciət qəbul etməyi lazım bildi. Ancaq həmin müraciətdə Senatın məlum qanunu təsdiq edəcəyi halda Azərbaycanın Fransanın həmsədrliyindən imtina edəcəyi ilə bağlı konkret cümlə yer almadı.

Deyəsən, rəsmi Bakı Senatın həmin qanun layihəsini təsdiq etməyəcəyinə ümidlidir. Elə xarici işlər naziri Elmar Məmmədyarov da bir müddət söyləmişdi ki, Fransa ilə bağlı nəsə addım atmağı düşünmürlər, çünki Senatın mövqeyi hələ bəlli deyil. Kökündən yanlış yanaşma idi. Preventiv addımlara ehtiyac var. Əlbəttə, Senat qanun layihəsini təsdiq etməyə də bilər. Bəs əksi olarsa, rəsmi Bakı nə edəcək, hansı addımları atacaq? Məncə, bu, günün ən aktual sualıdır. Həm Azərbaycan, həm də Türkiyənin siyasi və ictimai dairələri bu sualın cavabını eşitmək istəyir.

Türkiyəli diplomatlar bir neçə il öncə erməni diplomatlarla təmaslara baş vurduqda rəsmi Bakı xeyli narahat görünürdü. Brüsselə səfəri zamanı jurnalistlər qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə Ermənistan arasındakı dialoqu nəzərdə tutaraq belə bir fikir söyləmişdi: “Biz sadə suala sadə cavab eşitmək istəyirik”. İndi eyni sualı Azərbaycan hakimiyyətinə Türkiyə iqtidarı, siyasi çevrələri və icitmaiyyəti verir: “Senat qanun layihəsini təsdiq edəcəyi halda Azərbaycan hakimiyyəti Fransanın həmsədrlikdən geri çağırılması işinə baş vuracaqmı?” Bu da sadə cavab tələb edən sadə sualdır.

Hələ ki, rəsmi Bakı bu sadə suala cavab vermək istəmir. Əksinə, xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın sonunda Vaşintonda qeyd edib ki, Minsk qrupunun formatının dəyişməsinə lüzum görmürlər.

Hakimiyyətə yaxın ekspertlərdən “papadan böyük katolik olmaz” ifadəsini də eşitmişəm. Yəni demək istəyirlər ki, Fransa parlamentinin qərarı Fransa-Türkiyə münasibətlərinə aid olan məsələdir, Azərbaycan bu məsələdə tərəf ola bilməz. Yenə də kökündən yanlış yanaşmadır.

Bir neçə il öncə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokollar imzalandıqda rəsmi Bakı Ankaranı güncə sıxdı. Bakı Ankaranı protokolları parlamentdə ratifikasiya etməməyə çağırdı. Azərbaycan iqtidarı Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı halda bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcəyini irəli sürdü.

Ankara protokolları ratifikasiya etmədi. Halbuki bu protokollar ratifikasiya edilsəydi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə yanaşı ortaq tarix komissiyası da qurulacaqdı. Belə olan halda böyük ehtimalla Fransa parlamenti “erməni soyqırımı” layihəsini gündəmə gətirməzdi. Yəni faktiki Fransa ətrafında hadisələrin hazırkı şəkildə inkişafında rəsmi Bakının da rolu olub. Və indi növbə rəsmi Bakının addım atmasına çatdıqda Azərbaycan hakimiyyəti Ankaraya mesaj yollayır: “Bizi bu işlərə qatmayın”. Belə strateji müttəfiqlik olarmı?

Müttəfiqlik qarşılıqlıdır. Sən mənə, mən də sənə prinsipi işləyir. Bəzən iqtisadi və enerji mövzuları ilə siyasi məsələləri də qarışdırırlar. Məsələn, bir qisim hakimiyyət nümayəndəsi Türkiyə ilə Azərbaycan arasındakı genişlənən enerji əməkdaşlığını, inşası planlanan Trans Anadolu kimi layihələri əsas turaraq iki ölkə arasındakı münasibətlərdə hər şeyin hamar olduğunu söyləyirlər.

Enerji əməkdaşlığı ayrı, geosiyasi məsələlər ayrı. Ona qalsa, ABŞ-la Çin arasında yüz milyardlarla dollar həcmində iqtisadi-ticarət əlaqəsi var. Ancaq bu iki ölkəni müttəfiq adlandırmaq olmaz, çünki Vaşinqtonla Pekinin dünyadakı proseslərə baxışları fərqlidir.

Hakimiyyət dəhlizlərindən gələn başqa bir arqument də eşitmişəm. Deyirlər ki, Azərbaycanın Fransa ilə bağlı atacağı addımın qarşılığında Türkiyə parlamenti də Xocalı soyqırımını tanısın. Yəni bu olmadan o da olmayacaq. Türkiyəyə belə bir şərtin ünvanlamasının özü də strateji müttəfiqliyin ruhuna uyğun deyil.

Ərdoğan Türkiyədə çalışan Fransa şirkətlərinin rəhbərlərəini toplayaraq dedi ki, Fransa parlamentinin qərarı onların maraqlarına ziddir və bu məsələdə Parisə təsir etməlidirlər. Fransanın ən böyük şirkətlərindən və ən böyük vergi ödəyicilərindən biri “Total” şirkətidir. Bu şirkətin Azərbaycanın enerji resurslarında böyük payı var. Azərbaycan hakimiyyəti “Total” şirkətinin rəhbərliyi ilə müvafiq söhbət aparıbmı ki, onlar da hökumətlərinə təsir etsinlər? Və ya Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası var. Bu şura çərçivəsində iki dövlət strateji məsələləri müzakirə edilməlidir. Ancaq həmin şurada Azərbaycan və Türkiyə Fransanın ermənpərəst siyasətinə qarşı ortaq platformanı müzakirə etməyəcəklərsə, onda başqa nəyi müzakirə edəcəklər? Suallar çoxdur.

Senat məlum qanun layihəsini təsdiq edəcəyi halda Azərbaycan hakimiyyəti Fransanın həmsədrlikdən geri çağrılması üçün heç bir addım atmazsa, Türkiyə ilə münasibətləri zərbə altında qoyacaq. Bu münasibətlər “bayraq böhranından” sonra növbəti dəfə dərin yara alacaq. Və inanmıram ki, bundan sonra Cənubi Qafqaz siyasətində Ankara Azərbaycana boylansın.

OXŞAR XƏBƏRLƏR