Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Bakı Mədəniyyət Mərkəzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Akşin Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin İcraçı direktoru İlqar Hacıyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev, İnterAz Televiziyasının redaktoru İqbal Rüstəmov, ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev, QHT və Media nümayəndələri, Rusiyada təhsil alan tələbələr iştirak edirdilər.
Tədbiri giriş sözü ilə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov açaraq layihə haqqında məlumat verdi. Altı ay öncə başlayan layihənin bütün Slavyan ölkələrində keçirilməsinin nəzərdə tutulduğunu deyən S.Abbasov Müstəqillik Günü münasibəti ilə iştirakçıları təbrik etdi: “Bu layihə ilk olaraq Rusiyada həyata keçirildi və biz bu layihənin bağlanış mərasiminə toplaşmışıq. Bilirsiniz 18 Oktyabr Azərbaycanda Müstəqillik Günü kimi qeyd edilir. Biz müstəqilliyə və inkişafa görə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Cənab prezident İlham Əliyevin apardığı uğuru daxili və xarici siyasət, gənclərə ayırdığı xüsusi diqqət hər birimizin gündəlik həyatında hiss olunmaqdadır.
Çox sevindirici haldır ki, Rusiyada Heydər Əliyev Fondunun Vitse prezidenti, AMOR-un sədri Leyla Əliyevanın fəaliyyəti nəticəsində Rusiyada yaşayan gənclərimiz arasında ciddi təşkilatlanma işi gedib. Bütövlükdə Leyla Əliyevanın fəaliyyəti nümunəvi diaspor fəaliyyəti kimi qiymətləndirilir. Biz öz növbəmizdə səmərəli fəaliyyətimizlə Leyla xanımın ətrafında siz birləşməklə dövlətimizə xidmət etmiş oluruq”.
Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin İcraçı direktoru İlqar Hacıyev çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş daxili və xarici siyasətin bügün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Akşin Əliyev çıxış edərək iştirakçıları Müstəqillik Günü münasibəti ilə təbrik etdi. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev, İnterAz Televiziyasının redaktoru İqbal Rüstəmov çıxış edərək Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar.
Sonda ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: “Ümumrusiya Azərbaycan Konqresi, ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdığı layihənin yekunu olaraq I, II, III yerin qalibləri üçün diplomların və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin qiymətli hədiyyələrinin verilməsini nəzərdə tutumuşuq. Lakin bizim əsas məqsədimiz gənclər arasında Ulu Öndər Heydər Əliyev irsinin araşdırılması və təbliğindən ibarətdir.”
Sonda qaliblər mükafatlandırıldı və Ümumrusiya Azərbaycan Konqresi adından “Bakı” restoranında iştirakçılara ziyafət verildi.