Bu gün Azərbaycan superkubokunun sahibi məlum olub. AZXEBER.COM-un məlumatına görə, həlledici görüşdə son mövsümdə "qızıl dubl" edən "Neftçi" kubokun finalçısı "Xəzər Lənkəran"la qarşılaşıb. Əzəli rəqiblərin görüşü Naxçıvanda keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda hesabı cənub təmsilçisi açıb. Daha sonra rəqibinin azlıqda qalmasından istifadə edən "ağ-qaralar" hesabı bərabərləşdiriblər. Oyunun 89-cu dəqiqəsində isə Rasim Ramaldanov baş zərbəsi ilə vurduğu qolla komandasına qələbə gətirib - 2:1. Bununla da "Xəzər Lənkəran" tarixində ilk dəfə Azərbaycan superkubokunu qazanıb. Qeyd edək ki, superkubok oyunu sonuncu dəfə 18 il bundan öncə - 1995-ci ildə keçirilib. Həmin oyunda "Neftçi" "Turan"ı məğlub edərək superkuboka sahib olub. Ümumilikdə bu mükafatı iki dəfə "Neftçi", bir dəfə isə "Qarabağ" qazanıb.