Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” adlı kitabı işıq üzü görüb.
AZXEBER.COM-un məlumatına görə, kitab müəllif tərəfdən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir.Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərib.Beş fəsildən ibarət olan kitabda ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə prezidentliyi dövründə qoyulmuş dövlətçilik fundamenti üzərində ölkənin müstəqil daxili və xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, həmçinin prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilib.Kitabın “Milli dövlətçiliyin əsaslarının yaradılması” mövzulu birinci və “Müstəqil Azərbaycanın enerji strategiyası” mövzusunda olan ikinci fəsillərində “Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi”, “Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru”, “Dövlət neft şirkəti - şəffaflıq şərtlərində yatırımlar” mövzuları öz əksini tapıb.“Dünya inkişafının dinamikası: Azərbaycanın rəqabətə davamlılığı” mövzusunda olan üçüncü fəsildə “İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçik və orta sahibkarlığa dəstək”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Gələcəyə baxış - Azərbaycan-2020” mövzuları əhatə olunub.Dördüncü fəsildə “Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin oriyentasiyası”, “Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi”, “Dünya birliyində özünümüəyyənetmə”, “Rusiya, Amerika Birləşmiş Ştatları, NATO və Avropa Birliyi Cənubi Qafqaz siyasətinin mərkəzində”, “İslam dünyası ilə əlaqə - praqmatizm və balans” mövzuları, “Müasir Azərbaycan milli “Azərbaycançılıq” ideyası kimi” mövzusunda olan beşinci fəslində isə “Yeni siyasi məkan və müasirləşdirilmə”, “Yaradıcı gənclər - Azərbaycanın inkişafının generatorudur” mövzuları öz əksini tapıb.Onu da bildirək ki, rus dilində olan kitab Azərbaycanda və Rusiyada satış üçün nəzərdə tutulub.