Sentyabr ayı ilə birlikdə televiziya kanalları yeni mövsümə start verib. Tamaşaçılar isə yenilənmiş və maraqlı layihələr gözləsələr də, ekranlarda əsasən köhnə və artıq tanış olan verilişlər yenidən yer alıb.
AZXEBER.COM xəbər verir ki, hazırda yayımlanan proqramların böyük əksəriyyəti əvvəlki illərdən tanınan layihələrin davamıdır.
Kanalların demək olar ki, heç birində böyük miqyaslı və tamamən yeni formatda bir layihə təqdim olunmayıb. Bu isə yerli televiziya məkanında yenilik və rəqabət baxımından ciddi suallar doğurur.
Hazırda ölkənin əsas televiziya kanallarında yayımlanan verilişlər – tok-şoular, əyləncə proqramları, seriallar və hətta xəbər formatlı proqramların böyük əksəriyyəti əvvəlki illərdə mövcud olan layihələrin davamı kimi efirdə yer almaqdadır.
Verilişlərin formatı, aparıcı heyəti və ümumi təqdimat tərzi dəyişməz olaraq qalır.
Tamaşaçıların gözləntiləri özünü doğrultmasa, "yeni mövsüm" ifadəsi yalnız təqvim dəyişikliyindən ibarət olacaq və televiziya ictimai maraq funksiyasından uzaqlaşacaq.
Xatırladaq ki, artıq "Rəngarəng", "Gün ortası", "Tarixin bir günü", "Günə baxan", "Bizimləsən", "Səni axtarıram", "Təsir dairəsi" kimi verilişlər yeni mövsümdən formatda dəyişiklik etməyərək yayıma başlayıblar.
Yeni mövsümdə eyni temalı verilişlər olmasına baxmayaraq ARB telekanalında "Günə uğurla" və Space TV-də "Öz aramızda" verilişi yayıma başlayıb.
Xəzər Tv-də yayımlanan "İncə səhər" verilişi isə Vüsalə Əlizadənin təqdimatında 22 sentyabrdan canlı yayıma başlayacaq.
Aysel Hacızadə