“Azərbaycan üçün bu bəyanat sıradan bir bəyanatdır ” – POLİTOLOQ RƏYİ

“Azərbaycan üçün bu bəyanat sıradan bir bəyanatdır ” – POLİTOLOQ RƏYİ
Bütün Xəbərlər
18:11 23.01.2012
1477

Xəbər verdiyimiz kimi, Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan üçtərəfli görüşdən sonra birgə bəyanat qəbul ediblər.

Bəyanatda Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər. “Prezidentlər bəyan ediblər ki, intensiv danışıqların nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsiplərinin razılaşdırılması ilə bağlı irəliləyiş əldə olunub. Sülh sazişinə hazırlanmasına keçidin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan və Ermənistan prezidentləri bu vaxta qədər edilən işləri də hesaba almaqla əsas prinsiplər üzrə razılığın əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər”,-deyə sənəddə deyilir. Bəyanatda İlham Əliyev və Serj Sarkisyanın Rusiya və eləcə də Minsk qrupunun digər həmsədr ölkələrinin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər. Hər üç prezident həmsədrlərin ATƏT sədrinin xüsusi nümayəndəsi ilə birlikdə qoşunların təmas xəttində təhqiqatın keçirilməsi mexanizminə dair hazırladıqları hesabatı nəzərə alıb və bu işi davam etdirməyi tapşırıblar.

AZXEBER.COM-a məsələ ilə bağlı politoloq Razi Nurullayevin fikirlərini öyrənib. Razi Nurullayev öz rəyində bu bəyanatın elə də bir əhəmiyyət daşımadığını qeyd edib: “Bu tip bəyanatlar mövzu ilə bağlı praktik həlldə yardımçı ola bilməz. Politoloqların bu görüşlə bağlı bəzi qorxuları var idi. Belə ki, prezidentlər arasında şəxsi narazılıqların olması bəyanatın imzalanmayacağı şübhəsini yaratmışdı. Amma əksinə oldu. Yəqin ki, Medvedyevin də Ermənistana bu barədə təzyiqi olub. Bu bəyanatın imzalanması heç də problemin aradan qaldırılmasına kifayət etməyəcək. Çünki nə Ermənistan öz mövqeyindən geri çəkiləcək, nə də Azərbaycan.Medvedyev isə bu bəyanatın imzalanmasında iştirak etməklə, bir daha öz nüfuzunu gücləndirmiş oldu. Rusiya məsələyə bu cür yanaşmaqla həmişəki kimi tarixə öz adını yazdırdı. Rusiya üçün bu bəyanatın siyasi mahiyyəti önəmli olsa da ,Azərbaycan üçün bu bəyanat sıradan bir bəyanatdır”.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR