Son illərdə Azərbaycan klublarının UEFA turnirlərində çıxışlarında nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Bu mövsüm ölkə təmsilçilərinin avrokuboklardakı uğurlu nəticələri Azərbaycanın UEFA ölkə reytinqində mövqeyinə də müsbət təsir göstərib.
Hazırda Azərbaycan 23 687 xalla UEFA-nın ölkələr üzrə beşillik klub əmsalı reytinqində 25-ci pillədə qərarlaşıb. Ölkəmizin bu mövsüm reytinq üçün ən çox xal toplayan ölkə olması isə Azərbaycan futbolunun Avropadakı nəticələri baxımından diqqət çəkir.
Maraqlıdır, Azərbaycan klublarının avrokuboklarda son illərdə nümayiş etdirdiyi bu nəticələr ölkə futbolunun ümumi inkişafı və gələcək perspektivləri baxımından nə vəd edir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman eksperti Elçin Cəfərov bildirib ki, Azərbaycan klublarının uğurlu çıxışında xüsusilə "Qarabağ”ın son illərdəki nəticələri mühüm rol oynayıb:
"UEFA reytinqində bu mövsüm ən çox xal toplayan ölkənin Azərbaycan olması sırf klublarımızın avrokuboklardakı uğurlu performansı ilə bağlıdır. Bu, Azərbaycan milli komandası ilə əlaqəli göstərici deyil. Son illərdə "Qarabağ” klubunun avrokuboklarda əsas mərhələlərdə mübarizə aparması Azərbaycan futbolu adına çox önəmli nəticələr gətirib. Ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması və daha sonra pley-off mərhələsinə yüksəlməsi bunun ən mühüm nümunələrindəndir”.
Ekspert qeyd edib ki, bu mövsüm "Sabah”ın da Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun reytinq göstəricilərinə müsbət təsir edən amillərdəndir:
"Bu mövsüm "Sabah” klubunun uğurlu çıxış edərək adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırması da mühüm nəticədir. Eyni zamanda, "Qarabağ”ın da Konfrans Liqasında əsas mərhələyə yüksəlmək imkanı var. Bütün bunlar Azərbaycan klublarının son illərdəki uğurlu çıxışlarının nəticəsində formalaşan göstəricilərdir”.
E.Cəfərovun sözlərinə görə, Azərbaycan klublarının uğurları arasında "Qarabağ”ın xüsusi payı var:
"İki mövsüm öncə "Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması, "Braqa” səddini aşaraq növbəti mərhələyə yüksəlməsi, ötən mövsüm isə Çempionlar Liqasında uğurlu çıxış etməsi bu nəticələrin formalaşmasında çox mühüm rol oynayıb. Təbii ki, istərdik ki, bu uğurlar milli komanda səviyyəsində də olsun. Amma təəssüf ki, milli səviyyədə bununla bağlı hələ nəsə söyləmək çox erkəndir. Klublarımızdakı uğurlu nəticələrin milli komandanın çıxışına avtomatik şəkildə təsir etdiyini demək mümkün deyil”.
Ekspert Azərbaycan klublarının avrokuboklardakı nəticələrinə təsir edən əsas amillərdən birinin də legioner limitinin sərbəst olması olduğunu vurğulayıb:
"Bu uğurlu çıxışların səbəblərindən biri də klublarımızda legioner limitinin sərbəst olmasıdır. Limitin sərbəst olması klublara daha səviyyəli legionerlər transfer etməyə və bunun hesabına daha uğurlu nəticələr qazanmağa imkan verir. Bunu həm "Sabah”, həm də "Qarabağ”ın timsalında aydın şəkildə görə bilərik”.

Fəridə Əsədzadə











































