Azərbaycan universitetləri tarixində ilk dəfə...

GƏNCLİK
17:42 10.02.2012
2699

Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı yeni layihənin həyata keçirilməsinə start verir. 

AZXEBER.COM-un məlumatına görə, bu layihənin əsas məqsədi ölkə universitetləri tarixində ilk dəfə məzun klubunun yaradılmasıdır. "AzTU Məzun Klubu" adlanacaq klubda Azərbaycan Texniki Universitetini bitirmiş və hal-hazırda ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında böyük rol oynayan və ya karyeralarında böyük uğurlar qazanan insanların şəbəkəsi yaradılacaq. Layihə çərçivəsində həmin insanların universitet dövründə keçdiyi uğur yolu və qazandığı biliklər, universitetdəki fəaliyyətinin indiki həyatlarında tutduğu rol, habelə hal-hazırda bu universitetdə təhsil alan tələbələrə arzu və məsləhətləri yer alan müsahibələr toplusu yığılacaq. Bundan əlavə internet vasitəsilə həmin insanların şəbəkəsi formalaşdırılacaq ki, bunun da nəticəsində artıq məzunlar da universitetdə baş verən hadisələr barədə məlumatlı olacaqdır. Layihənin gələcək məqsədlərində məzunları da gələcək layihələrə cəlb etmək durur. Layihənin rəhbəri Azərbaycan texniki Universitetinin Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü Samir Qədirovdur. Bu layihə ABŞ-ın İREX təşkilatının dəstəyi ilə keçirilir. Fevral ayından başlayaraq müsahibələrin keçirilməsinə başlanılacaq. Sonra həmin videoların təqdimatı olacaq. Bununla bərabər sözügedən videolar həm də məhşur sosial şəbəkələrdə yerləşdiriləcək. Bu isə universitetin ictimaiyyətə daha yaxın olmasına və müsbət imicinin möhkəmlənməsinə dəstək olacaqdır.

Xatırladaq ki, sözügedən layihə xarici dövlət universitetlərində çoxlu rast gəlinsə də ölkədə fəaliyyət göstərən ali təhsil müəssələri arasında il təşəbbüsdür.

OXŞAR XƏBƏRLƏR