Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
SİYASƏT
22:56 08.11.2026
90
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub.

Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentlikləri və biznes nəşrləri səfərin gedişini operativ işıqlandırıb, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanınn Şuşadakı görüşü və səsləndirdikləri mesajları ayrıca xəbərlərlə təqdim ediblər.

Gürcüstanın Birinci Kanalı 1TV noyabrın 8-də Türkiyə Prezidentinin Azərbaycana səfəri barədə materialda Füzuli Beynəlxalq Hava Limanında qarşılanma, sonra Şuşada keçirilən rəsmi qarşılanma mərasimi və səfərin 8 Noyabr - Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi diqqətə çatdırılıb.

Telekanal daha sonra Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransındakı çıxışlarını ayrıca materialla yayımlayıb. Dərc olunan xəbərin başlığında Türkiyə Prezidentinin Azərbaycanın regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində səylərini dəstəkləməsi önə çıxarılıb. Materialda Azərbaycan Prezidentinin Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olması barədə fikirlərinə də yer verilib.

Gürcüstanın nüfuzlu xəbər agentliklərindən olan "InterpressNews" da səfəri geniş işıqlandırıb. Agentliyin yayımladığı xəbərdə Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri, Şuşadakı qarşılanma mərasimi və iki dövlət başçısının mətbuata açıqlamaları barədə məlumat verilib. Xəbərdə həmçinin Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Xocalı soyqırımı memorialını ziyarət etdiyi qeyd olunub.

Gürcüstan mediasının səfərə marağı isə yalnız noyabrın 8-də başlamayıb. Səfərdən üç gün əvvəl, noyabrın 5-də 1TV Türkiyə Prezidentinin Azərbaycanla münasibətlər barədə açıqlamalarını ayrıca xəbər kimi yayıb. Materialın başlığında iki ölkə arasındakı münasibətlərin adi diplomatik əlaqələrdən daha geniş olduğu və mövcud qardaşlıq münasibətlərinin istənilən maneəni aşa biləcəyi barədə mesaj önə çıxarılıb.

Eyni açıqlama "InterpressNews"un da diqqət mərkəzində olub. Agentlik noyabrın 5-də "Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur" fikrini başlığa çıxarıb.

Beləliklə, Gürcüstan mediasının yanaşmasında səfərin iki mühüm istiqaməti diqqəti cəlb edir. Birinci istiqamət Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlər, iki dövlət başçısının səsləndirdiyi birlik və həmrəylik mesajlarıdır. İkinci istiqamət isə münasibətlərin Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional proseslər baxımından əhəmiyyətidir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Gürcüstan nəşrləri səfəri yalnız protokol tədbiri kimi təqdim etməyib. Türkiyə Prezidentinin səfərdən əvvəl verdiyi açıqlamalar da ayrıca gündəmə gətirilib, daha sonra səfərin özü, Şuşadakı rəsmi qarşılanma, iki dövlət başçısının görüşü və mətbuat konfransındakı çıxışları ardıcıl şəkildə işıqlandırılıb.

Azərbaycan Prezidentinin çıxışından Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı, iki ölkənin müharibə dövründəki həmrəyliyi və münasibətlərin gələcək inkişafı ilə bağlı fikirlər ön plana çıxarılıb. Türkiyə Prezidentinin çıxışında isə Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq istiqamətində səylərinə dəstək, Qarabağın bərpası və Cənubi Qafqazda yeni dövrün formalaşması ilə bağlı mesajlar Gürcüstan mediasının diqqət yetirdiyi əsas məqamlar olub.

Yerli medianın səfərə yanaşması göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri Tbilisinin informasiya gündəmində yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də Cənubi Qafqazdakı regional proseslər fonunda izlənilir. Səfərin 8 Noyabr – Azərbaycanın Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi, Şuşada keçirilməsi və iki ölkə prezidentinin regionda sülh və əməkdaşlıqla bağlı mesajları isə gürcü nəşrlərinin materiallarında xüsusi yer tutub.
 



OXŞAR XƏBƏRLƏR