Azərbaycan və Türkiyənin ortaq media tarixindən bəhs edən monoqrafik kitabın təqdimatı keçirildi - FOTOLAR

SOSİAL
14:49 22.11.2021
444

Türkiyə və Azərbaycanın dövlət xəbər agentliklərindən, ortaq media tarixindən bəhs edən "DİQQƏT! XƏBƏR VAR!” monoqrafik nəşrinin təqdimat mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Azərkitab” kitab mağazasında baş tutan təqdimatda millət vəkilləri, media kapitanları, jurnalistlər, QHT rəhbərləri və gənclər iştirak edib.

Təqdimatda açılış sözü ilə çıxış edən kitabın müəllifi, jurnalist Əfsələddin Ağalarov bütün qonaqları salamlayaraq, kitab haqqında ictimaiyyət nümayəndələrinə məlumat verib.

Müəllif kitabda dünya xəbər agentliklərinin iş prinsiplərindən, xəbər agentliklərinin yaranması və ictimai rəyə olan təsirlərindən, Azərbaycan və Türkiyənin ortaq media tarixindən və hər iki qardaş ölkə mediasının incisi hesab olunan "Azərtac" və "Anadolu" dövlət xəbər agentliklərinin müxtəlif proseslərdəki informasiya siyasətindən, informasiya ilə davranışlarından bəhs edildiyini əlavə edib:

"Kitab gənc jurnalistlər üçün hazırlanmış aydın və lakonik dili ilə seçilə biləcək bir nəşdir. Kitabda dövlət xəbər agentliyinin dövlətlər üçün önəmi və bu önəmin praktik təcrübəsi izah olunur. İki qardaş ölkənin dövlət xəbər agentlikləri müxtəlif hadisələrə yanaşmasında dövlətlərin həmin hadisəyə olan baxışı və siyasi mövqeyi əsas götürülür. Məsələn, "Breksit" prosesində AzərTac və Anadolu hansı duruşu sərgiləyir? Və ya ABŞ-da keçirilən prezident seçkilərində agentliklər fəaliyyətini necə qurub? Bu sualların cavabını müxtəlif üsullarla – qarşılaşdırma (müqayisə) və deduksiya üsulu ilə tapmaq mümkün olacaq”.

Müəllif Azərbaycan və Türkiyənin ortaq media tarixində və bu günündə dövlət xəbər agentliklərinin önəmini vurğulayıb. O, iki qardaş ölkənin media platformunun qurulduğu bir ərəfədə kitabın nəşr edildiyini və bu prosesin inkişafında yeni yetişməkdə olan gənc jurnalistlərin də təmsil olunmalı olduğunu, bunun gələcəkdə böyük faydası olacağını əlavə edib.

Tədbirdə çıxış edən millət vəkili Arzu Nağıyev kitabın jurnalistika sahəsində fəaliyyət göstərmək istəyən gənclər üçün əlverişli qaynaq rolunu oynayacağını deyib. Millət vəkili Azərbaycanın mediasının praktik və nəzəri formalaşmasının inkişafında bu cür nəşrlərin önəmli olduğunu bildirib.


Daha sonra çıxış edən "Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor, əməkdar jurnalist Rauf Arifoğlu müəllifə uğurlar arzu edərək, görülən işi yüksək qiymətləndirib. Tanınmış jurnalist Azərbaycan müasir dövr Azərbaycan mediasının nəzəri məlumatlarının gələcək nəsillərə ötürülməsi istiqamətində kitabın önəmini vurğulayıb. O, gənc jurnalistlərin bu kitabdan maksimum yararlanmalı olduğunu əlavə edib.


Tədbirdə çıxış edən əməkdar jurnalist, professor Qulu Məhərrəmli kitabın rəyçisi olduğunu və araşdırlan mövzunun aktuallığını önə çəkib. Professor Azərbaycan jurnalistikasının nəzəriyyəsinin araşdırılması zamanı qaynaq probleminə diqqət çəkərək, bu kitabın araşdırma janrında aparılmış ən uğurlu işlərdən biri hesab etdiyini dilə gətirib.

Daha sonra çıxış edən tanınmış tele-jurnalist Anar Yusifoğlu da öz növbəsində kitabın yetişməkdə olan jurnalistlər üçün əvəzsiz vəsait hesab etdiyini və araşdırmanın aydın, lokonik işləndiyini bildirib. 


Tədbirdə iştirak edən millət vəkilləri Naqif Həmzəyev, Vüqar İsgəndərov, Elşən Musayev, Bəhruz Məhərrəmov da kitabla bağlı ilkin təəssüratlarını bölüşərək, kitabın gələcək illərdə Türkcəsinin də tərcümə edilərək, qardaş ölkədə yayımlanmasının vacibliyini vurğulayıblar.

Jurnalist və baş redaktorlardan Aqil Ələsgər, Nahid Canbaxışlı, Fərid Şahbazlı, Toğrul Allahverdili, Hacıbəy Heydərli və digələri kitabla bağlı fikirlərini bölüşüblər.

İştirakçılar arasında "Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi də kitabın gələcək taleyinə uğurlar arzu edərək, müəllifə göstərdiyi həssas təşəbbüsə görə təşəkkür edib.

Qeyd edək ki, "Diqqət! Xəbər Var!" monoqrafik nəşri Gənclər Fondunun dəstəyi ilə yayımlanıb. 


Sonda iştirakçılara kitablar hədiyyə edilib və xatirə fotosu çəkdirilib.

 


 




















OXŞAR XƏBƏRLƏR