Azərbaycan “WorldSkills Shanghai 2026”da medal qazandı

Azərbaycan “WorldSkills Shanghai 2026”da medal qazandı
SOSİAL
12:17 28.09.2026
181
Azərbaycan komandası Çinin Şanxay şəhərində keçirilən "WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında uğur qazanıb.

AZXEBER.COM xəbər verir ki, sentyabrın 22-dən 27-dək keçirilən beynəlxalq yarışda Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə "Medal of Excellence” mükafatına layiq görülüb.

Yarışda 70 ölkə və regiondan 1400-dən çox iştirakçı 64 bacarıq üzrə texniki bilik və praktiki səriştələrini nümayiş etdirib. Azərbaycan isə 7 bacarıq istiqaməti üzrə təmsil olunub.

"WorldSkills Azerbaijan” komandasının üzvləri qaynaq, avtomobil texnologiyaları, dəmiryol nəqliyyatı texnologiyaları, elektronika, veb texnologiyaları, aşpazlıq və kibertəhlükəsizlik üzrə mübarizə aparıblar.

Kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı Əli Məhərrəmli və Yusif Kazımlı təmsil edib. Komanda 702 bal toplayaraq "Medal of Excellence” mükafatına layiq görülüb.

Rəsmi nəticələrə əsasən, Azərbaycan komandası topladığı xalla Avstraliya (698), Koreya (696), Braziliya (684), Tailand (682), Hindistan (681), Malayziya (680) və Yaponiya (673) komandalarını geridə qoyub.

Bu, Azərbaycanın "WorldSkills” tarixində ikinci "Medal of Excellence” uğurudur. Ölkəmiz bundan əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə bu mükafata layiq görülüb.

Kibertəhlükəsizlik üzrə namizədlərin seçimi və hazırlığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Seçim mərhələlərində iştirakçıların müdafiə və insidentlərə reaksiya, hücum metodları və sistem boşluqlarının istismarı üzrə texniki bilik və praktiki bacarıqları qiymətləndirilib.

Bundan başqa, yarışda "Elektronika” bacarığı üzrə iştirak edən Orxan Mustafayev "Best of Nation” medalına, Zarina Təhməzova isə "Best CCD – Medal of Excellence” mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildə "WorldSkills International” təşkilatına 85-ci həqiqi üzv kimi qəbul olunub. 2023-cü ildə isə "WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb.

"WorldSkills” hərəkatı peşə bacarıqlarının inkişafı, gənclərin müasir peşələr üzrə hazırlanması və təhsil ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə xidmət edir.
OXŞAR XƏBƏRLƏR