Azərbaycan xalqı 20 Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edir
Bütün Xəbərlər
00:16 20.01.2012
2208
Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 22-ci ildönümü qeyd olunur. AZXEBER.COM-un məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sadə vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər. Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.