Bizim üçün legitimlik anlayışını Azərbaycan xalqı müəyyənləşdirir.
Bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Şuranın və onun namizədinin 9 oktyabr seçkilərinin qalibi ölkə Prezidenti İlham Əliyevin qələbəsini tanımaması, onu qeyri-legitim hesab etməsinə münasibətini bildirərkən dilə gətirib. PA rəsmisinin dediyinə görə, Azərbaycan xalqı seçkilərdə növbəti dəfə öz iradəsini ortaya qoyub: “Mənim özümə hələ seçkilərdən əvvəl onlarla xarici ölkə nümayəndələri, missiya nümayəndələri müxtəlif çevrələrdən deyiblər ki, Azərbaycan prezidenti heç bir təbliğat aparmasa belə, heç bir resursdan istifadə etməsə belə, 80 faiz civarında asanlıqla səs toplayar. Həqiqətdə də bu, belədir və 9 oktyabr tarixində də belə oldu. Azərbaycan xalqı böyük səs çoxluğu ilə yenidən ölkə Prezidentinə etimadını, dəstəyini nümayiş etdirdi. Çünki Azərbaycan xalqı hər şeyi görür və düzgün qiymətləndirir. Eyni zamanda, bugünkü islam aləmində baş verən proseslərə diqqət edin, təhlil aparın, görün, nələr baş verir, niyə baş verir? Həmçinin, hər hansı bir islam dövlətində, müsəlman dininə xidmət edən cəmiyyətdə inkişaf bəzi dairələrdə niyə belə qısqanclıq doğurur? O suala da cavab tapanda hər şey gəlib göz qabağında aydın olur. Təəssüflər olsun ki, belədir. Bu, bu gün hər tərəf üçün ziyanlıdır. Bunu başa düşməmək çox təəccüblüdür...” (gun.az)