Azərbaycan xarici tələbələr üçün niyə cəlbedicidir? - Açıqlama

Azərbaycan xarici tələbələr üçün niyə cəlbedicidir? - Açıqlama
SOSİAL
23:18 08.09.2026
121
Azərbaycan ali təhsil müəssisələrində təhsil almağa maraq göstərən əcnəbi tələbələrin coğrafiyası genişlənir. Dünyanın müxtəlif ölkələrindən olan tələbələr yeni tədris ilində təhsillərini Azərbaycan universitetlərində davam etdirmək üçün ölkəmizə gəlirlər. Onların sırasında fərqli regionları və mədəniyyətləri təmsil edən gənclər yer alır.

AZXEBER.COM bildirir ki, fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "demokrat.az”a verdiyi açıqlamaya görə, son illərdə Azərbaycanın qlobal təhsil məkanına inteqrasiyası sürətlənmiş və ölkənin ali təhsil müəssisələrində oxumaq istəyən əcnəbi tələbələrin həm sayında, həm də coğrafi şaxələnməsində nəzərəçarpan artım müşahidə olunub:

"Fərqli region və mədəniyyətləri təmsil edən gənclərin Azərbaycanı prioritet təhsil mərkəzi kimi seçməsi təsadüfi xarakter daşımır.

Məsələyə bir neçə parametrdən diqqət yetirsək, bu tendensiyanın fundamental əsaslarını dörd fundamental istiqamətdə qruplaşdıra bilərik: Birincisi, təhsilin beynəlmiləlləşməsi və institusional islahatlardır. Azərbaycan ali təhsil sistemi Avropa Ali Təhsil Məkanına tam inteqrasiya olunub.

Universitetlərimizdə xarici dillərdə tədris olunan proqramların sayının artması, ikili diplom layihələri, beynəlxalq akkreditasiyalar və "QS World University Rankings" kimi qlobal reytinqlərdə yerli universitetlərin mövqeyinin yüksəlməsi təhsilin cəlbediciliyini artırır. Həmçinin, dövlət tərəfindən təsis edilən beynəlxalq təqaüd proqramları (məsələn, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təqdim olunan layihələr) dünyanın ən müxtəlif nöqtələrindən istedadlı gənclərin ölkəyə cəlb olunmasında mühüm rol oynayır”.

İlqar Orucov əlavə edib ki, ikincisi, optimal xərc-keyfiyyət balansı və iqtisadi cəlbedicilikdir:
 

"Qərb ölkələri və ya digər aparıcı təhsil mərkəzləri ilə müqayisədə, Azərbaycanda həm təhsil haqları, həm də yaşayış xərcləri kifayət qədər cəlbedici, əlverişli və əlçatandır. Üçüncüsü, multikultural sosiomədəni mühit və təhlükəsizlik faktorudur.


Qlobal səviyyədə ksenofobiya, islamofobiya və irqi ayrı-seçkiliyin artdığı bir dövrdə, Azərbaycanın dövlət siyasəti kimi yürütdüyü multikulturalizm və tolerantlıq modeli əcnəbi tələbələr üçün psixoloji rahatlıq və sosial adaptasiya asanlığı təmin edir.

Ölkədə hökm sürən yüksək daxili sabitlik, ictimai təhlükəsizlik və cinayətkarlığın minimum səviyyədə olması valideynlər və tələbələr üçün qərarvermə prosesində ən kritik üstünlüklərdən biridir. Fərqli mədəniyyətlərin dinc yanaşı yaşadığı bu mühit, əcnəbi gənclərə öz kimliklərini qoruyaraq qlobal vətəndaş kimi yetişmək imkanı verir.

Ən nəhayət dördüncü faktor Azərbaycanın geosiyasi mövqeyi və regional liderliyidir. Şərqlə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan qlobal logistik və siyasi qovşaqdır. Ölkəmizin beynəlxalq arenada artan nüfuzu, irimiqyaslı enerji, nəqliyyat və rəqəmsal layihələrin mərkəzi olması bura gələn tələbələrə strateji perspektivlər vəd edir.
 

Xüsusilə neft-qaz mühəndisliyi, beynəlxalq münasibətlər və humanitar elmlər sahəsində Azərbaycanın zəngin tarixi təcrübəsi və praktiki bazası əcnəbi tələbələri regional mərkəzi olaraq özünə cəlb edir.


Fikrimcə, əcnəbi tələbə coğrafiyasının genişlənməsi Azərbaycanın sadəcə iqtisadi deyil, həm də elmi, mədəni və humanitar potensialının qlobal miqyasda uğurlu realizasiyasının göstəricisidir. Bu tendensiya ölkənin uzunmüddətli dayanıqlı inkişafına və dünya elm və təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir”.
OXŞAR XƏBƏRLƏR