“Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə əsaslanır”.
Bu sözləri Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov söyləyib. Onun sözlərinə görə, gələcək inkişafı innovasiya, yeni texnologiyalar, keyfiyyətli təhsil və innovativ sahibkarlığa əsaslanan bizneslə birbaşa bağlıdır: “Sürətlə inkişaf edən Azərbaycan da bu istiqamətdə artıq tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Beləliklə, Prezindeti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində İKT sahəsi iqtisadiyyatın və bütövlükdə cəmiyyətin əsas fəaliyyət sahəsinə çevrilib”.
Müşfiq Əmirov qeyd edib ki, informasiya kommunikasiya texnologiyaları sektorunun yeni hədəflərini “Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası müəyyənləşdirir: “Məlum olduğu kimi, konsepsiyanın əsas hədəflərindən biri neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi və innovasiyalı iqtisadiyyatın yaradılmasıdır. Dünya təcrübəsi göstərir ki, innovasiyalı iqtisadiyyatın təmərküzləşməsi iqtisadiyyatın bir çox sahələrində yüksək texnologiyaların tətbiqindən keçir. Son illər sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları (İKT) insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır”.
Müşfiq Əmirovun sözlərinə görə, Azərbaycanda İKT sektoru hazırda həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf edir. Bu sahə hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sektor üzrə orta illik artım tempi 25-30 faiz təşkil edir. İKT sektorunun ölkə üzrə ÜDM-də payı 3,5 faizə, qeyri-neft ÜDM-də isə 7,2 faizə yüksəldilib. 10 il ərzində sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil edib. Gəlirlərin 80 faizi özəl sektorun payına düşür və bu, ölkədə biznes mühitin yaxşılaşdırılması və özəl sektorun fəaliyyətinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü işlərin nəticəsidir. /SİA/