Azərbaycanda qeyri-qida məhsullarının idxalı ilə bağlı qaydalar sərtləşdirilir. Prezident İlham Əliyevin imzaladığı yeni qanunla, uyğunluq sənədi olmayan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsi qadağan edilir. Dəyişikliklərin əsas məqsədi texniki reqlamentlərə cavab verməyən, insanların sağlamlığı və təhlükəsizliyi üçün risk yarada biləcək məhsulların ölkəyə daxil olmasının qarşısını almaq, eyni zamanda yerli istehsalçıların rəqabət imkanlarını artırmaqdır. Yeni tələblərin biznesə və istehlakçılara necə təsir edəcəyi isə müzakirə mövzusudur.
Bu dəyişikliklərin tətbiq edilməsini zəruri edən əsas səbəblər nələrdir? Yeni qaydalar bazarda məhsul qıtlığı və ya qiymət artımına səbəb ola bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Qeyri-qida məhsullarının idxalı ilə bağlı tələblərin sərtləşdirilməsinin əsas məqsədi bazara təhlükəsizlik standartlarına cavab verməyən məhsulların daxil olmasının qarşısını almaqdır. Uyğunluq sənədi tələbi istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsinə və bazarda daha şəffaf rəqabət mühitinin formalaşdırılmasına xidmət edir. Bu yanaşma eyni zamanda, keyfiyyətsiz və mənşəyi şübhəli malların dövriyyəsini məhdudlaşdırır.
Digər mühüm məqsəd yerli istehsalçıların daha ədalətli rəqabət şəraitində fəaliyyət göstərməsinə imkan yaratmaqdır. Keyfiyyət standartlarına əməl etməyən ucuz idxal məhsulları bazarda üstünlük qazandıqda yerli istehsalçılar rəqabətdə çətinlik çəkirlər. Yeni qaydalar bütün iştirakçılar üçün vahid tələblər müəyyən etməklə bu balansı qorumağa yönəlib”.
İqtisadçının sözlərinə görə, ilkin mərhələdə bəzi idxalçılar üçün əlavə xərclər və sənədləşmə prosedurları yarana bilər: "Bu da müəyyən məhsul qruplarında təklifin müvəqqəti azalmasına və qiymətlərə qısamüddətli təsir göstərə bilər. Xüsusilə uyğunluq sənədlərinin alınması vaxt tələb edərsə və ya bəzi şirkətlər yeni tələblərə operativ uyğunlaşa bilməzsə, bazarda keçid dövründə müəyyən çətinliklər yarana bilər.
Lakin orta və uzun müddətdə bu dəyişikliklərin məhsul qıtlığı yaratması gözlənilmir. İdxalçılar yeni qaydalara uyğunlaşdıqca bazarda təklif bərpa olunacaq. Əgər uyğunluğun qiymətləndirilməsi prosedurları operativ, şəffaf və əlavə inzibati maneələr olmadan həyata keçirilərsə, qiymətlərə təsir də məhdud olacaq. Əksinə, bazarda keyfiyyətli və təhlükəsiz məhsulların payının artması, istehlakçı etimadının güclənməsi və sağlam rəqabətin formalaşması uzunmüddətli perspektivdə həm biznes, həm də istehlakçılar üçün müsbət nəticələr verə bilər”.











































