Apa-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, Koreyada bir müəllimə təxminən 35, Rusiyada 18 şagird düşür. Nazirin sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan məktəblərində şagirdlərə müəllimlər daha çox diqqət yetirir: “Biz əgər qapımızı professionalların üzərinə açsaq, onlar təhsilin yüksəlməsinə öz töhfələrini verəcəklər. Təhsil sahəsində nəticələr əldə etmək üçün bizim baxışımız və strategiyamız vacibdir. Təhsil sisteminin biliklərin bölüşdürülməsi və vətəndaşın formalaşdırılması kimi əsas iki vəzifəsi var: Biz inkişaf etmiş ölkələrin siyahısına baxsaq, görərik ki, həmin ölkələrin təhsili inkişaf edir. Həmin ölkələrdə əsas kriteriyalar ölkələrin zənginliyi, təhsil sistemi və eyni zamanda, insanların biliklərinin çox olmasıdır. Çünki hər bir ölkənin dünyada mövqeyini insanların bilikləri və insan kapitalı müəyyənləşdirir”.
M.Cabbarov qeyd edib ki, Azərbaycanda da insanların bilik səviyyəsi yüksəkdir: “Amma eyni zamanda bizim bir çox çağırışlarımız da var. Sual yaranır - biz indiki olduğumuz yerdən olacağımız yerə necə çatmalıyıq? Azərbaycanın milli təhsil sistemi 5 əsas elementdən ibarət olacaq. Qeyd olunan 5 əsas elementdən birincisi müəllimlərdir. Müəllimlərlə bağlı ölkədə ciddi işlər görülməlidir. İkinci element görülən işlərin mahiyyəti ilə bağlıdır. Yəni orta məktəblərdə, universitetlərdə gənclərə nələr öyrədilməlidir. Üçüncü element idarəetmə ilə bağlıdır və bu da vacib məsələlərdəndir. Dördüncü element təhsilin infrastrukturu ilə, beşinci element isə resurslarla bağlıdır. Yəni bura maliyyə resursları daxildir. Bu məsələyə hər zaman diqqət etmişik. Bu gün özəl məktəblərin bank hesabları olsa da, dövlət məktəblərinin bank hesabları yoxdur və onlar mərkəzləşdirilmiş formada fəaliyyət göstərirlər”.