Bu ayın ilk 15 günü ərzində Azərbaycanda qeydə alınan toksikoloji zəhərlənmələrin sayı açıqlanıb.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, bu ay ərzində 12 nəfər ilan, 3 nəfər qaraqurd, 2 nəfər isə əqrəb zəhəri ilə zəhərlənib. A. Maqsudovun sözlərinə görə, zəhərlənən şəxslərin hamısı xəstəxanaya yerləşdirilib və bu hadisələrdə ölüm faktı qeydə alınmayıb. Onun sözlərinə görə, 3 halda isə dərmanın əlavə təsiri kimi allergik reaksiya olub. Müayinə və digər tədbirlər görüləndən sonra zəhərlənənlər evə buraxılıblar: “Keçən ilin iyul ayında müraciətlər daha çox idi. Bu il isə müraciətlərin sayında nisbətən azalma müşahidə edilib. Amma ayın başa çatmasına hələ çox var. İsti havalar üstünlük təşkil etdiyindən bu ay da müraciətlərin sayının çox olacağı gözlənilir”.