23 yaşlı Abdulla Qurbanov Ağdam rayonunun işğal altındakı Papravənd kəndindəndir.
Tərtər rayonunun Küçərli kəndində yaşayır. Yaşının azlığına baxmayaraq, dünyanın hər üzünü görüb. Yaşadığı ağrı-acıya baxmayaraq, onu dünyanın xoşbəxt insanı hesab etmək olar. Çünki o, həyatda ən qiymətli olan bir şeyi, sarsılmaz, haqqında əfsanələr yarada biləcək məhəbbətini tapıb.
3 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kəndinə, xalasigilə qonaq gedən Abdulla burada qonşuluqda yaşayan Nərgiz adlı qızı görür və aşiq olur. Elə həmin gündən də 2 gənc arasında yalnız filmlərdə rastlaşa biləcəyimiz “Sevgi hekayəsi”başlayır. Nərgizi görmək bəhanəsiylə tez-tez xalasıgilə qonaq gedən Abdulla səfərlərindən birində otlaq sahəsindəki heyvanları gətirərkən özü də bilmədən minalanmış sahəyə girir. “Atı çəkdim, at gəlmədi, bir az çəkdim, gördüm gəlmir, üzüm ata tərəf idi. At dayanmışdı. Demək ki, at hiss edirmiş ki, ayağının altında mina var. Atı bir də çəkəndə ayağını qaldırdı, ondan sonrası yadımda deyil”, söyləyən Abdulla Qurbanov həyatda sağlamlığını itirsə də, həyatından da qiymətli olan sevgisini itirmir.Minaya düşüb üzü parçalansa, gözləri tutulsa da sevgilisi onu atmır Sevgilisini görmək üçün getdiyi kənddə minaya düşən Abdullanın üzü tamamilə parçalanıb. Cərrahiyyə əməliyyatlarından sonra üzü qismən bərpa olunsa da, o gündən Abdulla dünya işığına məhrum qalıb. Ancaq çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürməyib. Əvvəl tərəddüt etsə də, xəstəxanadan çıxdıqdan bir müddət sonra Nərgizi axtarmaq qərarına gəlib. “Nərgizi tapanda o mənə dedi ki, səni minaya düşməmişdən qabaq sevmişəm, indi mənə sənin necə olmağın lazım deyil. Mənə sənin üzün yox, təmiz ürəyin lazımdır. Əsas üz, göz deyil, əsas təmiz ürək, təmiz sevgi, təmiz məhəbbətdir”, - deyə Abdulla Qurbanov bildirdi. Özünün dediyinə görə, bu, həyatında ən xoşbəxt günüdür. Sevgilisi “Hə” desə də, dəfələrlə Nərgizgilin qapısını döyən valideynləri “Yox” cavabı alıb. Elçilərin gətirdiyi “Bəd xəbər”dən ən çox sarsılan Nərgiz olub. Valideynlərinin inadının qırılmadığını görən Nərgiz günlərin birində Abdullaya zəng edərək, gəlib onu aparmasını istəyib. O gündən Nərgiz valideynlərini, doğmalarını bir daha görməyib.