Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında fəaliyyət göstərən "Şirvan Sənaye Kombinatı-2" ASC-də kərpicin istehsalına dövlət nəzarəti aparıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, "Şirvan Sənaye Kombinatı-2" ASC-də istehsal olunan şaquli dəlikli yüngül fabrik kərpiclərinin uyğunluq sertifikatı, radiasiya sınaq protokolu və hazır məhsulun sınaqlarının aparılması üçün laboratoriya ilə müqaviləsi yoxdur, istismar olunan 35 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar "Şirvan Sənaye Kombinatı-2" ASC-də şaquli dəlikli yüngül fabrik kərpic məhsulunun istehsalı və satışı qadağan edilib.
Həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi Lənkəran rayonu, Xarxatan kəndində fəaliyyət göstərən "Xarxatan kərpic istehsal kooperativi"ndə keramik daş və kərpic istehsalına dövlət nəzarəti aparıb.
Araşdırma zamanı istehsal olunan məhsulların AZS Milli sertifikatlaşdırma qaydalarına zidd olaraq sertifikatlaşdırılmadığı, istismar olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi və s. müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisədə məhsul istehsalını qadağan edən tələbnamə, iradnamə verilmiş, inzibati protokol tərtib olunub. Araşdırma zamanı müəssisənin nümayəndəsi Hüseynov Famil Zakir oğlu tərəfindən dövlət müfəttişlərinə kobudluq göstərildiyinə və yoxlamaya aid sənədləri cırdığına görə protokol tərtib edilib, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi məqsədilə Lənkəran rayonu prokurorluğuna təqdim olunub.