Kürdəmirdə saxta pulla alış-veriş edən idmançı tutulub.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, Sığırlı kənd sakini Qaybalıyev Mahir Gülüş oğlu ərizə ilə polis şöbəsinə müraciət edərək, Bakı-Qazax yolunun kənarında xırda ticarətlə məşğul olarkən tanımadığı şəxsin ona yaxınlaşaraq saxta 50 manatlıq əsginas verməklə yemiş və qarpız aldığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulla alış-veriş edən şəxsin 1976-cı il təvəllüdlü Həsənov Vüsal Şahverdi oğlu olduğu müəyyən edilib.
“Ayı” ləqəbli Vüsal Həsənovun qaydasız döyüş üzrə Avropa çempionu olduğu bildirilir. V. Həsənov tutularaq Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib və barəsində cinayət işi açılıb, araşdırma aparılır.