Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?

Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
SOSİAL
19:29 27.09.2026
275
Azərbaycanda avtomobil bazarında nəzərəçarpan dəyişikliklər baş verir. Statistik məlumatlara görə, 2026-cı ilin ilk səkkiz ayında ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Minik avtomobillərinin idxalında geriləmə 37.4 faiz, hibrid, "plug-in" hibrid və elektromobillərin ümumi idxalında isə 60.3 faiz təşkil edib.

İdxalın kəskin azalması ilə yanaşı, ikinci əl avtomobil bazarında da qiymətlər aşağı istiqamətdə dəyişib. Lakin burada kəskin ucuzlaşmadan söhbət getmir. Hesablamalara görə, avqust ayında ikinci əl avtomobillərin qiyməti iyulla müqayisədə orta hesabla 0.6 faiz ucuzlaşıb. Bəs avtomobil idxalındakı kəskin azalma Azərbaycanda avtomobilə olan marağın səngiməsi kimi qiymətləndirilə bilərmi?

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İdxalın azalması bazarda tələbin zəifləməsinin göstəricisidir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, avtomobil idxalında qeydə alınan azalma müxtəlif səbəblərlə bağlıdır: "Azalma ilk növbədə, 2026-cı ilin əvvəlindən tətbiq olunan idxal rüsumları ilə bağlıdır. Əvvəllər hibrid və "plug-in" hibrid avtomobillərə güzəştlər tətbiq edilirdi. Lakin 2026-cı il yanvarın 1-dən bu güzəştlərin aradan qaldırılması həmin avtomobillərin qiymətinin artmasına və nəticədə idxal həcminin azalmasına səbəb olub. İdxalın azalması, şübhəsiz ki, bazarda tələbin zəifləməsinin göstəricilərindən biridir. Bununla yanaşı, prosesə vergi-gömrük siyasəti, avtomobillərin maya dəyərinin artması, bank kreditlərinin əlçatanlıq səviyyəsi, ikinci əl avtomobil bazarında qiymət dinamikası və yeni avtomobil brendlərinin bazara daxil olması kimi amillər də təsir edir".

Bazar kiçilmir, struktur dəyişir

Ekspert diqqətçəkən məqamlardan birinin idxal olunan avtomobillərin ortastatistik dəyərinin əvvəlki illə müqayisədə artması olduğunu bildirib: "İdxalın azalmasına baxmayaraq, gətirilən avtomobillərin orta dəyərində artım var. Bu, bazarın tamamilə daralmasından çox, strukturunun dəyişdiyini göstərir. Eyni zamanda, ikinci əl avtomobil bazarında qiymət təzyiqi yaranıb. Avtomobil bazarında qiymətlərin zəifləməsini yalnız alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah etmək düzgün olmazdı. 2026-cı ildə iqtisadi vəziyyətin əvvəlki illə müqayisədə dəyişməsi də faktdır. Ailələr büdcələrində digər xərcləri avtomobil almaqdan daha üstün istiqamət kimi qiymətləndirə bilərlər".

Praktiki problemlər bu avtomobillərə marağı azaldıb

V.Oruc hibrid və elektromobillərin idxalındakı kəskin azalmanın da xüsusi diqqət tələb etdiyini deyib: "Hibrid avtomobillərin idxalında 60 faizdən çox azalma baş verib. Plug-in hibridlərin idxalı da təxminən 60 faiz, tam elektrik avtomobillərin idxalı isə 55 faiz azalıb. Düşünürəm ki, bu geriləmədə həmin avtomobillərin Azərbaycan bazarının real tələblərinə nə dərəcədə cavab verməsi də rol oynayır.

Əvvəllər bu avtomobillərə daha ucuz olduğu üçün üstünlük verilirdi. Lakin istismar prosesində ehtiyat hissələrinin baha olması, bəzi hallarda onların gec əldə edilməsi və digər praktiki problemlər yeni avtomobillərə marağın azalmasına təsir göstərib".

Geriləmə uzunmüddətli olacaqmı?

V.Orucun sözlərinə görə, hələlik hazırkı geriləməni uzunmüddətli proses kimi qiymətləndirmək düzgün deyil: "Bu, müəyyən mənada tənzimlənən geriləmədir və bazar tələbə uyğun yenidən formalaşır. Hazırkı həcm az deyil, əvvəlki həcm yüksək idi. Əvvəllər əhalinin yığım imkanlarının müəyyən hissəsi avtomobilə yönəlirdi. Buna taksi xidmətinin gəlirli sahə olması da təsir göstərirdi. Hazırda isə taksi fəaliyyətinə dair tələblərin sərtləşdirilməsi, sürücülər üçün sertifikat tələbi, avtomobillərin istehsal ili ilə bağlı məhdudiyyətlər və digər inzibati şərtlər bu sahəyə təsir edib. Bu dəyişikliklər avtomobilin gəlir gətirən biznes vasitəsi kimi istifadəsinə və avtomobil icarəsi bazarına da öz təsirini göstərir. Bütün bu amillər avtomobil bazarında həm məhdudlaşdırıcı, həm də tənzimləyici rol oynayır".

Alverçilər ötən ildən bazar üçün ehtiyat yaradıblar

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ötən il ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin başa çatması və əvvəlcədən idxal edilən avtomobillərin hələ də satışda olması bazardakı durğunluğa təsir göstərib.

Assosiasiya sədri avtomobillərə tələbatın azalmadığını və utilizasiya prosesinin bazara təsir göstərəcəyini vurğulayıb.

"İdxalın azalması ölkədə avtomobillərə tələbatın olmadığı anlamına gəlmir. Azərbaycanda utilizasiya prosesi davam edir və artıq kifayət qədər avtomobil təhvil verilib. Bu avtomobilləri utilizasiyaya təqdim edən şəxslərin yeni nəqliyyat vasitələri alması gözlənilir. Buna görə də idxaldakı azalma müvəqqəti xarakter daşıyır və qarşıdakı dövrdə artım tempinin bərpa olunacağını düşünürük", - deyə o bildirib.

E.Əliyev avtomobil parkının yaşlı olması fonunda idxalın azalmasının ciddi böhran kimi qiymətləndirilməməli olduğunu deyib. "Bu, müvəqqəti durğunluqdur", - deyə assosiasiya sədri əlavə edib.

Logistika xərcləri qiymətləri artırır

Assosiasiya sədri daşınma marşrutlarında yaranan yüklənmənin də avtomobil qiymətlərinə təsir etdiyini diqqətə çatdırıb.

"İran-ABŞ-İsrail müharibəsi səbəbindən Bəndər-Abbas istiqamətindən ölkəmizə avtomobil daşınmasında çətinliklər yaranıb. Hazırda ən optimal marşrut Çin-Qazaxıstan-Xəzər istiqamətidir. Lakin bu marşrutla yalnız Azərbaycana deyil, Avropaya da yüklər daşındığından logistika xətlərində yüklənmə müşahidə olunur. Nəticədə daşınma xərcləri artır. Logistika xərclərinin yüksəlməsi və tələbatın artması isə avtomobillərin qiymətinə təsir göstərir", - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Kaşif Kozinoğlu işi" ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
20:59 27.09.2026
"Kaşif Kozinoğlu işi" ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
Kiyevə dron hücumu: Azərbaycanlı həlak oldu
20:27 27.09.2026
Kiyevə dron hücumu: Azərbaycanlı həlak oldu
Mustafa Sandalın həyat yoldaşı ləğv olunan fondlardan 11 milyard lirə çıxarıb - İDDİA
20:15 27.09.2026
Mustafa Sandalın həyat yoldaşı ləğv olunan fondlardan 11 milyard lirə çıxarıb - İDDİA
Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL: Tokayevdən diqqətçəkən açıqlama
19:57 27.09.2026
Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL: Tokayevdən diqqətçəkən açıqlama
Növbəti danışıqların proqnozunu verdi
19:46 27.09.2026
Növbəti danışıqların proqnozunu verdi
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
19:29 27.09.2026
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
Litva - Azərbaycan oyunu heç-heçə yekunlaşdı
19:11 27.09.2026
Litva - Azərbaycan oyunu heç-heçə yekunlaşdı
Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
18:41 27.09.2026
Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
18:31 27.09.2026
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
Peskovdan ABŞ-a “Starlink” mesajı: “Çox təhlükəli addım olacaq"
18:22 27.09.2026
Peskovdan ABŞ-a “Starlink” mesajı: “Çox təhlükəli addım olacaq"
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
18:12 27.09.2026
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
KİV: Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb
18:03 27.09.2026
KİV: Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb
Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub
17:54 27.09.2026
Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub
Niko Uilyams "Mançester Yunayted"ə keçə bilər
17:42 27.09.2026
Niko Uilyams "Mançester Yunayted"ə keçə bilər
Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə işgəncə verdi
17:32 27.09.2026
Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə işgəncə verdi
İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü
17:23 27.09.2026
İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü