Yaşadığımız cəmiyyətdə "Xırdaçılıq etmə" ifadəsi o qədər yayılıb, ki, insanlar ciblərindəki ən kiçik pulları belə çıxartmağa çəkinirlər. Hətta dükanda, nəqliyyatda nəinki 1, 3 qəpiklərin eyni zamanda 5 qəpiyində üzünə baxan olmur. Daha dəqiq desək, kiçik nominallı pullardan istifadə edənlərə xırdaçılıq edən kimi baxırlar.
Təbii ki, bunun ən əsas səbəbi ictimai qınağın verdiyi nəticədir. İctimai qınaqla yanaşı, Azərbaycanda kiçik nominallı milli pulların alış-verişdə çox az istifadə olunması bu pulların dövriyyədən çıxarılmasına gətirib çıxardır.
Ölkədə kiçik nominallı pul nişanları ilk dəfə 1992-ci ildə dövriyyəyə buraxılsa da, özünü doğrultmadığından çox keçmədi ki, yığışdırıldı. İkinci dəfə dövriyyəyə buraxılması isə 2006-ci ildə manatın denominasiyasından sonra mümkün oldu. Amma görünür, bu pul nişanları hələ də özünü doğrulda bilməyib.
Yalnız böyük supermarketlərdə bu pullara təlabat var. Bunun da səbəbi, həmin marketlərin endirim kompaniyaları zamanı məhz kiçik nominallı pullardan istifadə edib müştəri cəlb etməsidir.
Şəhərdə keçirilən sorğuların nəticəsi onu göstərir ki, əhalinin də kiçik nominallı pul nişanlarına təlabatı azdır. Vətəndaşların çoxu, marketlərdə alış-veriş edərkən həmin pulların yerinə ya saqqız, ya da sallama çay verilir. Buna görə də artıq, insanlar alış-veriş edərkən kiçik nominallı pulları ya marketə “hədiyyə” edir, ya da satıcının təklifini qəbul edib onun dəyərində olan məhsulu alırlar.
İqtisadçı ekspertlər isə, düşünürlər ki, bu pullar alıcılıq qabiliyyəti olmadığından istifadə edilmir.
Məsələylə bağlı AZXEBER.COM-a danışan sabiq millət vəkili, iqtisadçı alim Nazim Məmmədov iqtisadi tempi yüksək olan bir ölkədə bu cür əskinasların dövriyyədən çıxarılmasını düzgün hal hesab etmir.
“Əslində xırda əskinazların və yaxud sikkələrin dövriyyədən çıxarılması adətən inflyasiya ilə bağlı olur. İqtisadiyyat inkişaf etdiyi bir tempdə hesab etmirəm ki, həmin pulları dövriyyədən çıxartmaq lazımdır”.
Ekspertin sözlərinə görə, bu tip əskinazları daha çox nəğdsiz ödənişlər üçün stimullaşdırmaq lazımdır:
“Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin çox hissəsi nağd ödənişlərə üstünlük verir. Belə olan zaman xırda əskinazların istehsalına edilən xərclərin özündən baha qiymətə başa gəldiyini anlamaq olar”.
Mərkəzi Bankdan isə bildirirlər ki, hazırda 1, 3 və 5 qəpiklərin dövriyyədən çıxarılması gündəmdə olan məsələ deyil.
Belə olan halda cibimizdəki pulu dəyərləndirib büdcəmizi daha da genişləndirə bilərik.
Fatimə İbrahimova