Azərbaycanda bələdiyyələrin ‘Elekton Hökümət’in inkişafında yaratdığı əngəllər - ARAŞDIRMA

Azərbaycanda bələdiyyələrin ‘Elekton Hökümət’in inkişafında yaratdığı əngəllər -  ARAŞDIRMA
Bütün Xəbərlər
01:10 30.08.2013
2940

Bu gün Azərbaycanda elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin artmasını stimullaşdıran çox sayda layihələr həyata keçirilir. Bunu istər mətbuat səhifələrindən, istərsə də bu sahə ilə yaxından məşğul olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN)keçirdiyi layihələrdə daha geniş izləmək mümkündür. 

Bunları görməmək mümkün olmasa da, ortada həllini tapmayan və mövcudluğu getdikcə “Elektron hökumət” layihəsinin fəaliyyətinə əngəl törədən problemlər də az deyil. 

Elektron hökumətin ən sadə tərifi bütün dövlət strukturlarının öz fəaliyyəti haqqında məlumatları internet saytı vasitəsi ilə vətəndaşlara çatdırmasından ibarətdir. Elektron hökumətin inkişafı həm də məmur-vətəndaş təmas hallarının minimuma endirilməsidir ki, bu da korrupsiya - rüşvətin xeyli dərəcədə qarşısını almalıdır. Təbii ki, Azərbaycanda İKT sektorunun son illərdə inkişaf etməyə başladığını nəzərə alsaq, bu sahə üzrə müstəqil ekspertlərin sayında azlığın müşahidə olunması təbii haldır. Bu da dolayısı ilə, İKT sektorunda olan mövcud problemlərin istər mətbuat səhifələrinə, istərsə də ictamai müzakirəyə çıxarılmasında çox böyük boşluqların yaranması ilə nəticələnir. İKT sektorunun qeyri-neft sektorunda ən gəlirli sahə kimi birinci yeri tutduğunu nəzərə alsaq, o zaman bu sahənin inkişafı ilə yanaşı problemlərini də görmək və onun planlı şəkildə həllinə çalışmaq lazımdır.

İnkişafdan kənar qalan bələdiyyələr

“Elektron Azərbaycan”da “Elektron Bələdiyyə”lərin fəaliyyəti hələ də sual altındadır. Bu gün Azərbaycanda bələdiyyələrin əksəriyyətinin rəsmi saytı belə mövcud deyil. Təbii ki, bələdiyyələrin hazırkı fəaliyyəti bütün ölkə ictimaiyyətinə bəllidir. Ancaq bu layihənin məqsədi əsasən də ictimai qınaqdan kənar qalan bələdiyyələrin “Elektron Bələdiyyə” sisteminə keçməsinə şərait yaratmaqdır. Əvvəlcə onu xatırladım ki, ilk bələdiyyə resursunu 2001-ci ildə Mərdəkan bələdiyyəsi hazırlayıb. Araşdırmalarım zamanı o da aydın olur ki, bu gün "İnformasiya əldə etmə" haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməli idilər. Bu müddət 2009-cu ildə başa çatsa da, resursların hazırlanmamasının əsas səbəbi kimi bələdiyyələrin maliyyə qıtlığı ilə üzləşməsi və yerlərdə kadr azlığının olması göstərilir.

Vətəndaşlar bələdiyyələrin saytından hansı məlumatları əldə edə bilər?

Ümumilikdə ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir. Bunlardan hazırda təxminən cəmi 42-nin saytı fəaliyyət göstərir. Onların da 80 faizi ya işləmir, ya da yenilənmir. Maraqlı olan məqamlardan biri də paytaxtın ən böyük rayonlarının bələdiyyələrinin ümumiyyətlə saytlarının olmaması, ya da onların bəzilərinin “domein” ödənişi etmədiklərinə görə saytlarının bağlanmasıdır. Buraya Nərimanov, Nəsimi, Xətai, Binəqədi rayonlarını misal kimi göstərmək olar. Hətta bir sıra ucqar rayonlardakı bələdiyyələrin saytları paytaxtdakı bələdiyyələrin saytları ilə müqayisədə daha baxımlıdır. Araşdırmama görə, saytı olan bütün bələdiyyələrin bir-birinə bənzəyən yeganə cəhəti saytların çoxunda əlaqə nömrələrinin olmamasıdır. Bu da istənilən halda vətəndaşların hansısa bir problemlə bağlı bələdiyyəyə müraciət etməsini mümkünsüz edir. Bununla yanaşı, saytların bəzilərində əlaqə telefonları ən aşağı hissədə, vətəndaşların görməyəcəyi yerlərdə yerləşdirilib.

Nərimanov Bələdiyyəsi

Paytaxtın Nərimanov rayonunun bələdiyyəsinin saytına, ümumiyyətlə, daxil olmaq mümkün deyil. 

Sumqayıt Bələdiyyəsi

Sumqayıt Bələdiyyəsinin saytı mövcud olsa da, saytda vətəndaşların müraciəti ilə bağlı bir çox ciddi qüsurlar mövcuddur. Əvvəlcə onu deyim ki, “sumqayit-bl.gov.az” saytında 2012-ci ilin bütün aylarının hesabatına rast gəlmək mümkün deyil. 

Bununla yanaşı, sözügedən saytın “Əlaqə” bölməsində vətəndaşların bələdiyyəyə müraciət etməsi tamamilə “senzura”laşdırılıb. Belə ki, Bələdiyyə yalnız vətəndaşların onlara məktubla müraciət etməsi üçün imkan yaradıb. Bu da bələdiyyəyə edilən müraciətlərin hamısının araşdırılması ilə bağlı şübhələr yaradır. Əlaqə nömrələrinin olmaması isə, bununla bağlı şübhələri artırır. Əlaqə nömrələri yalnız saytın alt hissəsində yazılıb. Bu da vətəndaşların bələdiyyənin əlaqə telefonları görməsi ehtimalını aşağı salır.

Badamdar bələdiyyəsi

Badamdar bələdiyyəsinin saytı da Nərimanov bələdiyyəsinin saytı ilə eyni aqibəti yaşayır. Sözügedən bələdiyyənin saytına daxil olmaq mümkün deyil.

Qaradağ rayonu Korgöz bələdiyyəsi

Qaradağ rayonu Korgöz bələdiyyəsinin rəsmi saytı mövcud olsa da, saytın operativliyi aşağı səviyyədədir. Belə ki, bələdiyyənin saytı Azərbaycan, Rus, İngilis dilində fəaliyyət göstərsə də, onların heç birində bələdiyyənin yaranma tarixindən başqa heç bir məlumat yoxdur. Bu məlumat hər 3 dildə yalnız Azərbaycan dilində yazılıb. Eyni zamanda saytın 7 bölməsi olsa da, onların heç biri işləmir və bütün bölmələr “Ana səhifə”ni göstərir.

Qaradağ rayon Puta bəldiyyəsi

Qaradağ rayon Puta bəldiyyəsinin saytı da Qaradağ rayonu Korgöz bələdiyyəsinin saytına bənzəyir. Hər iki bələdiyyənin saytı yalnız görüntü üçün yaradılıb və saytlarda heç bir əlaqə nömrəsi qeyd olunmayıb.

Qaradağ rayonu Qobustan bələdiyyəsi

Qaradağ rayonu Qobustan bələdiyyəsinin rəsmi saytında kreativ bölmə başlıqları diqqət çəksə də, bu bölmələrin yalnız ad olaraq mövcud olması təəssüf doğurur. Qobustan kimi tarixi bir bölgənin bələdiyyəsinin saytının bu halda olması ölkə turizminin təbliği üçün də müəyyən mənada mənfi haldır. Bələdiyyənin saytı 2008-ci ildən bəri yenilənmir. Saytdakı bölmələrin heç biri işləmir.

Xətai Bələdiyyəsi

Bu bələdiyyənin saytı da “domein” haqqının güdazına gedib. Ödəniş edilmədiyi üçün artıq “xetai.belediyye.az" saytı satışa çıxarılıb.

Abşeron rayonu Saray bələdiyyəsi

Saray bələdiyyəsinin saytı 3 dildə fəaliyyət göstərsə də, bu da görüntü üçün sayta yerləşdirilib. Belə ki, həmin dillərdən Azərbaycan dili xaric olmaqla, digər dillərdə heç bir məlumata rast gəlmək mümkün deyil. Bələdiyyənin saytında 5 bölmə olsa da, onlardan yalnız “Haqqımızda” bölməsi fəaliyyət gösətir. Bununla yanaşı, bələdiyyənin saytında 2007-ci ilə qədər olan hesabatlar yerləşdirilib. Bundan sonrakı illərin hesabatları isə saytda yoxdur. Sayt, ümumiyyətlə, 2008-ci ildən bu günə kimi yenilənmir.

Abşeron rayonu Masazır bələdiyyəsi

Masazır bələdiyyəsinin saytı Saray bələdiyyəsinin saytının yanında daha baxımlıdır. Sözügedən bələdiyyənin saytında da 3 dil fəaliyyət göstərir. Yalnız rus dilindən başqa, Azərbaycan və ingilis dilində məlumatlar sayta yerləşdirilib. Saytda 6 bölmə fəaliyyət göstərir. Müəyyən texniki baxımsızlıqlar olsa da, ingilis dilində məlumatlara rast gəlmək mümkündür. Eyni zamanda, “Əlaqə” bölməsində nömrələr yazılıb. Ancaq saytda ən son məlumat 2010-cu il, mayın 19-da yerləşdirilib.

Abşeron rayonu Novxanı bələdiyyəsi

Novxanı kəndinin yay aylarında yerli və xarici turistlərin axınına məruz qalması, bələdiyyənin saytına da təsirsiz ötüşməyib. Belə ki, saytda hər 3 dildə məlumata rast gəlmək mümkündür. Eyni zamanda əlaqə bölməsi də normal işləyir. Ancaq bələdiyyənin saytında ən son məlumat 2008-ci ilin 14 aprel tarixində yerləşdirilib.

Əzizbəyov rayonu Pirallahı bələdiyyəsi

Əzizbəyov rayonu Pirallahı bələdiyyəsinin rəsmi saytı da 3 dildə fəaliyyət göstərir. Ancaq hələ də saytda Azərbaycan dilindən başqa məlumat əldə etmək mümkün deyil. Saytın əlaqə bölməsi işləmir. Bununla yanaşı, saytda son məlumat 2008-cil il, sentyabrın 19-da yerləşdirilib. Sayt görünüş etibarilə şəxsi bloqa bənzəyir.

Şirvan Bələdiyyəsinin saytı isə son dəfə 11 mart, 2009-cu ildə yenilənib.

Biləcəri Bələdiyyəsinin saytını açdıqda “Ödəniş olmadığı üçün saytın fəaliyyəti dayandırılmışdır” sözləri yazılır.

Rəsulzadə Bələdiyyəsi sonuncu dəfə 21 oktyabr, 2008-ci ildə yenilənib.

Bütün bunları “gözdən pərdə asmaq” kimi qiymətləndirmək heç də kiməsə qarşı haqsızlıq hesab edilməməlidir. Təbii ki, yerli özünüidarə orqanının nəzarətdən kənar qalması və “Elektron Bələdiyyə” layihəsinə keçmək istəməməsi mövcud problemləri çoxaldır. Bu, eyni zamanda korrupsiya ilə mübarizədə də müəyyən əngəllərin yaranmasına səbəb olur.

Əfsələddin Ağalarov

AZXEBER.COM informasiya portalının baş direktoru

Bu yazı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsi üçün yazılmışdır.

OXŞAR XƏBƏRLƏR