"Azərbaycanda bu məhsulların qiyməti 20-25 faiz artacaq"

"Azərbaycanda bu məhsulların qiyməti 20-25 faiz artacaq"
SOSİAL
16:08 24.04.2026
1101
Qeyri-sabit hava şəraiti bölgələrdə kənd təsərrüfatına, xüsusilə meyvəçiliyə ciddi zərər vurub. Yağan güclü yağışlar nəticəsində 6500 hektardan çox əkin sahəsi zərər görüb.

Ən çox zərər Xaçmaz, Şabran, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ bölgələrində qeydə alınıb. Həmin ərazilərdə meyvə bağları və tərəvəz sahələri sel və subasmaya məruz qalıb.

Gilas, alça və şaftalı kimi tez yetişən meyvələr daha çox ziyan görüb. Ümumilikdə dəymiş ziyanın 10 milyon manata yaxın olduğu ehtimal edilir. Yaranmış vəziyyətin məhsuldarlığın azalmasına səbəb olacağı gözlənilir.
 


İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, əlverişsiz hava şəraiti nəticəsində dəyən ziyan sığorta tərəfindən qarşılanır:

"Əgər bağçılıqla məşğul olanlar təsərrüfat obyektlərini sığortalayıblarsa, istehsalçılar kifayət qədər zərərsiz çıxa bilərlər. Çünki sığorta mexanizmi işləyir və yüksək məbləğdə ödənişlər həyata keçirilir. Təbii fəlakətlər və əlverişsiz hava şəraiti nəticəsində dəyən ziyan sığorta tərəfindən qarşılanır”.

İqtisadçı bildirib ki, ötən illə müqayisədə məhsulların qiyməti 20-25 faiz artacaq:

"Lakin hava şəraitinin təsiri nəticəsində məhsulun həcmi azalacaq. Bu da bazara çıxarılan məhsulun azalmasına səbəb olacaq. Belə olan halda meyvə və tərəvəzlərin qiymətlərinin kəskin artmasının şahidi ola bilərik. May-iyun aylarında bunun fəsadları daha aydın hiss olunacaq. Çox güman ki, ötən illə müqayisədə məhsulların qiyməti 20-25 faiz artacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR