Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bərdə rayonunun Mehdili kəndində süni mayalanma yolu ilə alınmış buzovların sərgisi keçirilib.Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin, Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Goranboy, Yevlax və Tərtər rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavinlərinin, heyvandarlıq təsərrüfatlarının rəhbərləri və fermerlərin iştirak etdikləri sərgidə süni mayalandırma yolu ilə əldə edilmiş buzovlar nümayiş etdirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və başqaları çıxış edərək son illərdə ölkədə heyvandarlığın inkişafı, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlardan, süni mayalandırmanın əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, süni mayalandırma ilə təsərrüfatlarda məhsuldarlığın artımına və heyvanların cins tərkibinin yaxşılaşdırılmasına daha yaxşı nail olmaq olar. Bu zaman yoluxucu xəstəliklərin, xüsusən də cinsi yolla yayılan xəstəliklərin qarşısı alınır. Süni mayalanma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmaq və balavermə faizini yüksəltmək olur.
Xatırladaq ki, Bərdə rayonunda 15 nəfər süni mayalama texniki fəaliyyət göstərir. Onlar keçən il rayon üzrə 2570 baş inək və camışı süni mayalayıblar. Bu, ümumi naxırın 5,9 faizini təşkil edir. Bu ilin birinci rübündə rayonda 685 baş inək, camış və düyə etil törədicilərinin toxumları ilə süni mayalandırılıb, 442 baş bala alınıb. İlin sonunadək 4 min baş heyvanın süni mayalandırılma nəzərdə tutulub.
Tədbir iştirakçıları süni mayalandırma yolu ilə əldə edilmiş buzovlara, süni mayalandırma prosesinə və südlük istiqamətli cins heyvandarlıq komplekslərinə baxış keçiriblər.//AzərTac