Hacıqabulda çoban odlu silahla qətlə yetirilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov məlumat verilib.
Məlumatda bildirilir ki, dekabrın 8-də 19.00 radələrində Hacıqabul rayonunun “Şimal” adlanan ərazdə yerləşən “Hacı Səfər” fermasında odlu silahla qətl hadisəsi törədilib.
Məlumat prokurorluğa 3 saatdan sonra, yəni 22.00 radələrində daxil olub.
Sabirabad rayonunun Dadaşbəyli kənd sakini Yusifov Tural İrşad oğlu onunla birgə fermada çoban işləyən Sabirabad rayonunun Qaragünə kənd sakini, 1960-cı il təvəllüdlü Şükürov Vahid Əlihüseyn oğlunu təklüləli ov tüfəngi ilə baş nahiyyəsindən vuraraq qətlə yetirib.
Vahid Şükürov aldığı güllə yarasından elə hadisə yerində dünyasını dəyişib. Münaqişəyə onların bir yerdə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə səbəb olub. Belə ki, qətli törədən şəxs mərhumun onu nalayiq sözlərlə təhqir etdiyini bildirib.
Polis T. Yusifovu saxlayıb.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda çinayət işi açılıb, araşdırma aparılır.