Kampaniya “Coca-Cola” qabları üstündə məşhur adların əksi ilə bağlıdır. Bu yaxınlarda sosial şəbəkələrdə, daha sonra saytlarda aliminium “Coca-Cola” qabları üzərində “N!DA” yazılmış foto yayılmışdır. “N!DA” sözünün sırf N!DA Vətəndaş Hərəkatının adı ilə bağlı olması hər kəsin marağına səbəb olub.
“Bizim Yol” qəzetinin 6 iyun tarixli sayında bu mövzuda geniş yazı hazırlanıb. Yazıda bildirilirdi ki, N!DA məsələsindən sonra bir neçə iri market “Coca-Cola” içkisini satmaqdan imtina edib.
Bunu dəqiqləşdirmək üçün iri marketlərdə müşahidə apardıq və hələ də marketlərdə üzərində müxtəlif adlar yazılan aliminium və sintetik kauçuk qablarda “Coca-Cola” satıldığına rast gəldik.
Mövzu ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Coca-Cola” qabları üstündə adların yazılması ilə bağlı araşdırma apardıqlarını bildirdi. O, fərd adlarının yazılmasının yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçirildiyini dedi. Bundan əlavə, N!DA Vətəndaş Hərəkatının qablar üzərində yazılmasına da münasibət bildirdi: “Biz də bu haqda məlumatı mətbuatdan, sosial şəbəkələrdən əldə etmişik.
Ümumiyyətlə bu məsələləri öz səlahiyyətimiz çərçivəsində araşdırmışıq. Qüvvədə olan qanunvericiliyin tələblərinin hansı səviyyədə pozulması ilə bağlı da bəzi araşdırmalarımız olub. “Coca-Cola” şirkətinin ölkəmizdə 20 illik fəaliyyəti münasibətilə məlum kampaniyaya başlaması şirkət olaraq onların öz ixtiyarlarında olan məsələdir. Amma heç bir şəxs və ya təşkilat “Coca-Cola” kütləvi istehsala gedəndən sonra öz adının yazılmasını, hətta ödənişli əsasda belə tələb edə bilməz. “Coca-Cola” şirkətinin bildirdiyinə görə, istənilən şəxslə təşkilat və assosiasiya adlarının məhsulun üzərində yazılması ilə bağlı razılıqları yoxdur”.
F.Talıblı bildirdi ki, “Coca-Cola” qabları üzərində “N!DA” sözünün olmasını şirkət təkzib edib: “Biz ən xırda nüansa qədər bunu araşdırdıq və köşklərdə “N!DA” yazılan “Coca-Cola” içkisinin satıldığına rast gəlmədik. Buna baxmayaraq məsələ nəzarətimizdədir. Bu, sadəcə reklam haqqında qanunun pozulmasına gətirib çıxardır. Adın yazılması ayrı, hansısa bir təşkilat və partiyanın adının yazılması ayrı”.
“Hər hansı bir təşkilatın, partiyanın, vətəndaş hərəkatının adının “Coca-Cola” qabları üzərində yazılması nə dərəcədə problem yarada bilər” sualına F.Talıblı belə cavab verdi: “Reklam haqqında qanun var. Eyni zamanda yeyinti məhsulları haqqında da qanun var. O qanunlara zidd olaraq hər hansı bir qurumun, təşkilatın, siyasi partiyanın adının bu vasitə ilə yazılması qanunsuzdur. Hər halda dediyiniz ad insan ismi deyil, “Coca-Cola” şirkəti özü də bilir ki, N!DA adında adam ola bilməz. Öz içkiləri üzərində başqa bir qurumun, qeyri-hökumət təşkilatının, vətəndaş cəmiyyətinin adlarının yazılmasına təbii ki, “Coca-Cola” şirkəti məsuliyyət daşıyır.
F.Talıblı “Nida adında insan olsa bu, yenə problem yarada bilər” sualımıza da cavab verdi: “Bu halda həmin insanın adının Nida olduğunu təsdiq edən sənədi varsa, məncə problem olmayacaq. Bizə daxil olan məlumata görə, “Coca-Cola” içkisinin üzərində “N!DA” sözü kompüter texnikasından istifadə edilərək yazılıb və bu, təxribat xarakterli məsələdir”.
musavat.com