Azərbaycanda da LGBT-yə qarşı qanun qəbul edilir? - Deputatdan açıqlama

Azərbaycanda da LGBT-yə qarşı qanun qəbul edilir? - Deputatdan açıqlama
SOSİAL
15:49 18.02.2026
961
Türkiyədə LGBT ilə bağlı yeni qanun layihəsi hazırlanır. Layihədə LGBT-ni açıq şəkildə təşviq edən şəxslər üçün 1 ildən 3 ilədək həbs cəzası, icazəsiz cinsiyyət dəyişdirmə əməliyyatlarına görə isə həm əməliyyat olunan şəxslər, həm də həkimlər üçün daha sərt sanksiyalar nəzərdə tutulur. Bundan əlavə, eyni cinsdən olan şəxslərin nişan və toy mərasimlərinin təşkili də qadağan edilə bilər. Layihə hələ müzakirə mərhələsindədir və yekun qərar qəbul olunmayıb. Bu təşəbbüs fonunda oxşar hüquqi məhdudiyyətlərin Azərbaycanda da sərtləşdirilib-sərtləşdirilməyəcəyi məsələsi müzakirə mövzusu kimi diqqət çəkir.

Milli Məclisinin deputatı Cavanşir Paşazadə AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məcmüədən olan insanları heç bir cəmiyyətə arzu etmir:

"Bu məcmüədən olan insanları heç bir cəmiyyətə və dövlətə arzu etməzdim. Azərbaycan cəmiyyətində belə məsələlərin formalaşması və insanların buna inteqrasiya etməsi gənclərin gələcəyinin məhvinə gətirib çıxara bilər. Bu isə bizə yaraşan bir hərəkət deyil. Azərbaycan demokratik bir dövlətdir və demokratiya prinsiplərinə əsaslanır. Ola bilsin ki, qanunda digər dövlətlərin təcrübəsinə uyğun olaraq müəyyən qaydalar qəbul olunub. Lakin daxildə cəmiyyətin və dövlətin gələcəyi baxımından bu məsələlər qəbuledilməzdir. Çünki burada insanların, vətəndaşlarımızın və xüsusilə gənclərimizin gələcəyi birbaşa təsir altındadır”.

Deputat qeyd edib ki, bu məsələlərin müəyyən qədər mətbuatda və müxtəlif saytlarda təbliğ olunduğunu da görürük:

"Belə addımlar hər birimizin ailəsinə, uşaqlarına təsir edir. Biz nə qədər çalışsaq da, uşaqlarımızı telefonlardan və mediadan tam şəkildə uzaq saxlamaq mümkün deyil. Hər bir uşağın psixologiyası fərqlidir. Bəziləri bu məsələlərin mahiyyətini hələ tam başa düşmür və təsadüfən belə məzmunlarla qarşılaşa bilir.
Mətbuatda və televiziyalarda cəmiyyətimizə yaraşmayan hərəkətlər və davranışlar çoxdur. Bəzi televiziya proqramlarında aparıcıların danışıq tərzi, davranışları və müzakirə etdikləri mövzular bəzən cəmiyyətin mənəvi dəyərlərinə uyğun olmur. Başa düşürəm ki, televiziya kanalları müstəqil və özəl şirkətlərdir. Lakin əgər onların fəaliyyəti cəmiyyətə, ailələrə və gənclərə təsir edirsə, onlar müəyyən məsuliyyət daşımalı və ictimai maraqları nəzərə almalıdırlar. Kişi və qadın söhbəti var. Bəzi aparıcılar var ki, kişiyə yaraşmayan söhbətlər edir, söhbəti uzada-uzada danışır, LGBT üzvlərinə uyğun danışıqlar aparırlar ki, bunların özü bir təbliğat sayılır”.
 


Parlamentari vurğulayıb ki, belə addımlar bizim dövlət siyasətimizə ziddir:

"Bu gün dövlətimizin inkişafı, gələcəyi və qazandığımız uğurlar təsadüfi deyil. Biz bu gün müstəqil dövlət olaraq öz müqəddəratımızı özümüz müəyyən edirik. Bu yolda şəhidlərimiz olub, qazilərimiz var və bu qurbanlar dövlətimizin və gələcəyimizin təmin olunması üçün verilib. Buna görə də cəmiyyətimizə zərər verə biləcək məsələlərə daha ciddi yanaşmaq vacibdir”.

C.Paşazadə bildirib ki, cinsi azlıqlara qarşı cəzalər sərtləşdirilməlidir:

"Bu sahədə qanunvericilik və ictimai nəzarət daha da gücləndirilməlidir. Qaydalar sərtləşdirilməli, cinsi azlıqlarla bağlı müəyyən addımlar atılmalıdır. Mətbuat və media nümayəndələri də bu məsələlərə həssas yanaşmalı, cəmiyyətin mənəvi və sosial dəyərlərini nəzərə almalıdırlar.
Bu məsələlərin müzakirə olunması və cəmiyyətin diqqətinə çatdırılması olduqca əhəmiyyətlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR