Azərbaycanda da narkotik istifadə edən məşhurlar var? - Onlara qarşı da əməliyyat keçirilə bilər

Azərbaycanda da narkotik istifadə edən məşhurlar var? - Onlara qarşı da əməliyyat keçirilə bilər
SOSİAL
12:34 14.01.2026
2503
Son günlər Türkiyədə məşhurların narkotik vasitələrlə bağlı saxlanılması istiqamətində aparılan genişmiqyaslı əməliyyatlar ictimaiyyətin diqqət mərkəzindədir. İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi araşdırmalar çərçivəsində bir sıra tanınmış simalar saxlanılıb, bəziləri barəsində isə istintaq davam etdirilməklə sərbəst buraxılma qərarı verilib. 

"Kurtlar Vadisi” serialının ulduzu Oktay Kaynarcanın dünən saxlanılması mövzunu yenidən gündəmə gətirib və cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Türkiyədə baş verən bu proses fonunda sual ortaya çıxır ki, oxşar əməliyyatların Azərbaycanda da aparılması mümkündürmü? 

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoloq ekspert Emil Maqalov AZXEBER.COM-a bildirib ki, narkotik insanları məhvə aparır:

"Pulu olan bəzi məşhurlar dırnaqarası "təbii narkotiklər”dən istifadə edirlər. Təbii narkotiklər kimyəvi maddələrdən fərqli olaraq fiziki və psixoloji asılılığı daha gec yaradır. Bu növ maddələr adətən baha olur və qara bazarda əlçatanlığı çətinləşir. Onu əldə edə bilməyən şəxslərdə isə müxtəlif narahatlıqlar və sərt ağrılar meydana çıxır. Belə hallarda  daha ucuz alternativ vasitələrdən istifadə etməyə başlayırlar. Bu alternativlər bəzən tam təbii olur, bəzən isə olmur. Nəticədə isə həyat  məhvə doğru sürüklənir”.


Narkoloq vurğulayıb ki, Azərbaycanlı məşhurlar arasında da sağalmaq üçün müraciət edənlər var:

"Məşhurlar arasında da sağalmaq üçün müvafiq qurumlara müraciət edənlər var. Adətən məşhurlar maddi imkanlarını itirməyə yaxın olduqları və ya artıq pulları qalmadığı dövrdə müalicə üçün müraciət edirlər. Qısa müddət ərzində narkotik asılılığı səbəbindən bütün sərvətini itirən məşhurların olduğu da məlumdur. Müraciətdən sonra normal reabilitasiya prosesi keçmək üçün təxminən 5 min manat tələb olunur. Bu məbləği isə əksər hallarda dostları və ya qohumları qarşılayır. Şəxslər anonim şəkildə müalicə alaraq normal həyata qayıtmağa çalışırlar”.

Ekspert bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı aidiyyəti qurumlar öz işlərini aparırlar:

"Bu gün polis və digər aidiyyəti qurumların səyləri nəticəsində bu cür hallar azalıb. Demək olar ki, narkotik maddələrin əldə olunması əvvəlki illərlə müqayisədə xeyli çətinləşib”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR